d6296979-0154-4004-aa10-04e5770e65bf..jpg

Bakı necə dünyada ilkə imza atdı? – 177 il əvvəl başlayan dəniz hekayəsi – REPORTAJ + FOTO

Baxış sayı: 774 dəfə baxılıb.

Bakı necə dünyada ilkə imza atdı? – 177 il əvvəl başlayan dəniz hekayəsi –
REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nə az, nə çox, düz 177 il əvvəl Xəzər dünyada bir ilkə imza atan məkan oldu.
Məhz dünyanın ən böyük gölündə tarixdə ilk dəfə sənaye üsulu ilə neft çıxarıldı.

Cixisyolu.com-ın əməkdaşları da bu tarixi məkana – “Bibiheybətneft” Neft və Qaz
Çıxarma İdarəsinin (NQÇİ) ərazisinə səfər edərək dünyanın ilk neft quyusu və
digər sahələrlə tanış olublar.

Əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft”
İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin xidmət rəisinin müavini Rauf
Vəliyev 177 il əvvəl başlayan bu şərəfli tarix barədə məlumat verdi.

Qısa arayış:

O vaxt Azərbaycanı Zaqafqaziya İdarəetmə şurası idarə edirdi. 1844-cü ildə bu
şuranın üzvü mühəndis Vasiliy Nikolayeviç Semyonov neft istehsalının vəziyyəti
ilə tanış olmaq üçün Bakıya göndərilir. O, burada neft quyularının qazılması
üsulları ilə tanış olduqdan sonra azərbaycanlı mütəxəssislər və ustalarla
görüşüb məsləhətləşir.

Mühəndis 1844-cü il dekabrın 22-də Rusiyanın Zaqafqaziya vilayətinin
rəhbərliyinə, daha dəqiq desək general Aleksandr İvanoviç Neydqartın adına
məktub yazır və neft quyularının mexanikləşdirmə üsulu ilə qazılmasını təklif
edir.

İki neft kəhrizi, dünyada ilk quyu

1846-cı ildə Maliyyə Nazirliyi bu faydalı iş üçün 1000 rubl ayırır və işə
başlanılır. 1846-ci ilin iyulun 14-də knyaz Mixail Semyonoviç Vorontsov Rusiya
hökumətinə quyunun qazılıb başa çatması və ondan yaxşı neft alınması barədə
məlumat verir (dərinliyi 21 metr olub gündəlik 20-30 ton neft alınıb). Bununla
da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

R.Vəliyev deyir ki, XVI əsrdə Xəzər dənizinin zolağında iki neft kəhrizi
qazılıb:

“Onlar XVIII əsrin əvvəllərində dəniz sahilindən 19 metr məsafədə hələ də
mövcud idi. Lakin sonralar dənizin qalxması nəticəsində kəhrizlər suyun altında
qalıb. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz M.Vorontsovun
imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində
qazılması faktı təsdiq olunur. 1873-cü ildə yatağın quru sahəsinin, 1938-ci
ildə isə dəniz sahəsinin işlənməsinə start verilib.

Neft verimi o qədər artıb ki…

Bibiheybətdə ilk quyu qazılandan sonra başqalarının da qazılmasına başlanıb.
Neft verimi o qədər artıb ki, 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı
üzrə dünyada birinci yerə çıxıb, hətta dünya üzrə neft hasilatının yarısı
ölkəmizin payına düşüb.

1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı polşalı
mühəndis olan Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə
rəhbərlik etməyə dəvət ediblər.

O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması
işləri aparılmayıb.

P.Pototskinin təklifi ilə 1910-cu ildə Sormovo zavoduna bir karvan yerqazma
maşınlarının hazırlanması sifariş olunur. 1916-cı ildə hazır olan karvan 1100
at gücünə malik iki torpaqsoran maşından, 1100 at gücünə malik beş yedək
gəmisindən, 1100 kubmetr həcmində 10 barjdan və digər obyektlərdən ibarət idi.
1918-ci ildə ərazinin yalnız 193 hektarı torpaqla doldurulur. 1922-ci ilin
sonlarında torpaqla örtülmüş sahədə 5 saylı ilk qazma quyusu quraşdırılır.

Niyə polşalı mühəndis Bibiheybətdə dəfn edildi?

Xidmət rəisinin müavininin sözlərinə görə, 1923-cü ilin aprel ayının 22-də
torpaqla doldurulmuş sahədə qazılmış 5 saylı quyu 82,5 metr dərinlikdən
gündəlik 20 ton neft verməklə işə salınır:

“Bu yeni torpaqla doldurulmuş sahədən qazılmış quyudan ilk neft fontanı bütün
dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyük marağa səbəb
olur. Ümumilikdə isə Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən
başlayaraq, yəni 20 il ərzində 300 hektara çatdırılır”.

P.Pototski 1932-ci ildə vəfat edən zaman vəsiyyətinə uyğun olaraq Xəzərdən
“zəbt olunmuş” Bibiheybətin torpaqla doldurulmuş sahəsində, dəniz kənarında
dəfn edilir. Onun adına ilk abidə görkəmli dövlət xadimi, xalqımızın ümummilli
lideriHeydər Əliyevin göstərişi ilə qoyulub.

Ceyms Bond və “Bir dünya azdır”

Elə 1999-cu ildə Ceyms Bond filmlərindən birinin müəyyən hissəsi Azərbaycanda,
məhz Bibiheybət buxtasında çəkilib. “Bir dünya azdır” (“The world is not
enough”) adlı 19-cu bölümdə həmin dövrdə çox aktual olan Bakı‐Tbilisi‐Ceyhan
kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.

Quyunun “tarixi abidə” statusu

İlk neft quyusunun “tarixi abidə” statusu alması və SOCAR tərəfindən yenidən
bərpa edilməsi isə 2017-ci ilin 26 aprel tarixinə təsadüf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixdə quyunun sonrakı
vəziyyəti ilə tanış olub və onu turistlərin ziyarəti üçün açıq elan edib.

Yataqda neçə quyu fəaliyyətdədir?

R.Vəliyev vurğulayıb ki, hələ XIX əsrin əvvələrindən istismar olunan
“Bibiheybət” neft yatağı bu gün də ölkəmizin unikal yataqlarından biridir:

“2024-cü il tarixinə yataqda 547 quyu fəaliyyətdədir. NQÇİ tərəfindən yataqda
2006-cı ildən etibarən ekoloji layihələr həyata keçirilməkdədir. 2006-2020-ci
illər ərzində İdarədə sovetlər dönəmindən qalmış neftlə çirklənmiş ərazilərdə
daxili imkanlar hesabına və podratçı təşkilatlar cəlb edilməklə 320 hektar
mədən ərazisində rekultivasiya və torpaqların bərpası işləri həyata keçirilib.

Hər il yaz-payız aylarında keçirilmiş ənənəvi iməciliklər zamanı bərpa edilmiş
mədən ərazilərdə, eləcə də sahələrin, inzibati binaların ətrafında müxtəlif növ
ağac, gül kolları əkilib, həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində
ağaclara aqrotexniki qulluq göstərilir”.

1900-cü il və işləyən quyu…

O bildirib ki, yataqda ən qədim və hazırda fəaliyyət göstərən quyu da var:

“2137 nömrəli quyu 1900-cü ildən işləyir. Son horizontu 1987-ci ildən istismar
olunur. Quyunun 124 yaşı olsa da, hələ də istismar olunmamış üç məhsuldar
horizontu var. Yataqda dörd neft-qaz mədən sahəmiz və başqa köməkçi sahələr
fəaliyyət göstərir.

Gündəlik neft hasilatı 380 tondur. Eyni zamanda, gündəlik 3500 kubmetr su, 45
min kubmetr qaz hasil olunur”.

Neftdən nümunə, quyu dibindən ölçmə

NQÇİ-nin ərazisində fəaliyyət göstərən neft laboratoriyası da var.

Kimyaçı mühəndis Elza Əliyeva deyir ki, quyulardan lay suları, neft nümunələri
və əmtəə nefti gətirilir və tərkibi təyin edilir:

“Bizim neftimizin tərkibi təmiz olur. Bir-iki saat ərzində nəticələr bilinir.
Nümunələri analiz edən zaman otağın temperaturu 20 dərəcə olmalıdır. Əmtəə
neftinin beş parametrini təyin edirik”.
Burada neftdən ayrılan lay suyunun da təyini aparılır ki, bununla da su
nümunəsinin hansı horizonta aid olması müəyyənləşdirilir.

Usta Elmira Xəlilova quyularda ölçü tədqiqat işləri aparır.

O bildirir ki, quyuda ölçü tədqiqat işləri olaraq quyu dibi, səviyyə,
lay-təzyiqi və temperaturu ölçülür:

“Bizim yataqda bu proseslər xüsusi tədqiqat maşını vasitəsilə aparılır, quyu
dibini ölçən aparat vasitəsilə avadanlığı quyuya buraxırıq və dibə çatanda
quyunun dərinliyini öyrənirik. Ölçüləri götürmək 1-2 saat vaxt çərçivəsində
aparılır”.

Qeyd edək ki, Bibiheybət ərazisində 2017-ci il mayın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qafqaz regionunun ən
böyük kampusu olan Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunun açılışı olub.

Beləcə, dünyada ilklərə imza atan neft qoxulu bölgədəki işimizi bitirib
redaksiyanın yolunu tuturuq.

Əminik ki, “Bibiheybətneft” NQÇİ-nin 177 il əvvəl başlayan qara qızıl nağılı
hələ uzun illər dastanlaşacaq, gələcək nəsillərə bu torpaqların inkişafına
təkan verən məkan kimi ötürüləcək.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Source link