dc0b920d-79cd-4d74-9575-561e0f17b2bd.jpg

Bakı Olimpiya Stadionunda COP29-la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb

Baxış sayı: 147 dəfə baxılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının
29-cu sessiyasının (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş
tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində “COP29 – Gömrük Komissiyası”
yaradılıb və “Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər
Planı” hazırlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən
bildirilib.

Məlumata görə, tədbirlər planına uyğun olaraq, sürətli sərhəd keçidinin və
rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsində
texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə
istiqamətində müvafiq işlər həyata keçirilib.

Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların
rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun
ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb və orada
fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdiriliblər.

“Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron
qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə
ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib
edilməsi məqsədilə komitənin müvafiq portalında media nümayəndələri üçün mal
adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin
QR-kodla həyata keçirilməsi mexanizmi yaradılıb”, – deyə məlumatda qeyd edilir.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji
imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama
baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri
ilə təmin edilib.

Bundan başqa, tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrük
qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən
mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici
videoçarxlar hazırlanaraq komitənin rəsmi internet səhifəsində yerləşdirilib,
həmçinin cop29.az rəsmi internet saytına inteqrasiya olunub.

Eyni zamanda, gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması,
xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlər keçirilib.

Source link