Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”
mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda
şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə
çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən
yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət
“Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətində BŞİH-nin məsul şəxslərinin, qalib seçilmiş
məktəblilərin, onların elmi rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və
şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində
ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda
həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri
Elmin İmanov bildirdi ki, hər dəfə Azərbaycan tarixini araşdırarkən dahi Heydər
Əliyev və Prezidentİlham Əliyevin fenomenini daha yaxından başa düşürsən.
Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin
tariximizdəki yeri misilsizdir.
Konfransda Yasamal rayonu, 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə
Zeynalova, Sabunçu rayonu, 112 nömrəli tam orta məktəbin tarix müəllimi Şahnaz
Quliyeva, Səbail rayonu, 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nəzrin
Hüseynli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə
böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildiriblər. Qeyd
olundu ki, ənənəvi olan və hər il minlərlə şagirdi əhatə edən bu konfranslarda
şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər
Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
tarixindəki rolu, Vətən müharibəsində qazanılan şanlı Qələbə barədə öz elmi
məqalələri ilə çıxışlar edirlər. Son nəticədə isə belə bir kitab işıq üzü görüb.
Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3
000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan beş referat
olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.