Bakı sənaye şəhəri statusunu itirir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəsmi statistik məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Bakı
şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi
45,2 mlrd. manat təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 19,4 faiz azdır.
Bəs Bakıda sənaye istehsalının zəifləməsinə səbəb nədir?
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Bu prosesi təbii qarşılamalıyıq
İqtisadçı Fuad İbrahimov açıqlamasında bildirib ki, statistik göstəricilərin
əvvəl artıb, sonra azalması pandemiyadan sonrakı dövrlə əlaqədardır:
“2023-cü ilin doqquz ayında rəqəmləri təhlil edərkən nəzərə almaq lazımdır ki,
post-pandemiya dövründə ilk növbədə istənilən sahə üzrə statistik sıçrayışlar
mümkün idi. Çünki uzun müddətli fasilədən, müəyyən məhdudiyyətlərdən sonra
müəssisələrin fəaliyyətə başlaması nəticəsində sənayedə də sıçrayışlı artımlar
müşahidə olunurdu. Əslində, bu əksər ölkələrdə, dünya iqtisadiyyatının bir çox
sahələrində belədir. Bu baxımdan stabilləşməni təbii qarşılamaq lazımdır”.
Sənayenin şəhərətrafı halqaya keçməsi müşahidə olunur
F.İbrahimov qeyd edib ki, həqiqətən də sənaye sahələri yavaş-yavaş regionlara
köçürülür:
“Sənaye istehsalının azalması Bakı şəhərətrafı halqasına keçməsi ilə müşahidə
olunur. Hesab edirəm ki, həm ətraf mühitin mühafizəsi, həm şəhər halqasındakı
sıxlıq ilə bağlı istehsal müəssisələrinin şəhərdən kənara, regionlara
köçürülməsi prioritet məsələlərdəndir. Bu prosesin bölgələrə köçürülməsi
şəhərin yükdən azad olması, eyni zamanda, regionların inkişafında mühüm
əhəmiyyət kəsb edəcək. Hazırda regionlarda infrastruktur, eyni zamanda işğaldan
azad olunmuş torpaqların inteqrasiya prosesi ilə bağlı əhəmiyyətli işlər
görülür”.
İqtisadçı bildirib ki, bu proseslə bağlı rəqəmlər daha da azalacaq:
“Çünki əhali artır, iqtisadiyyat inkişaf edir, bununla yanaşı, mövcud
vəziyyətlə bağlı bölgələrimizə investisiya qoyuluşları da artır. Bu baxımdan
təbii prosesdir. Proqnozlaşdırmaq olar ki, Bakı şəhərində sənaye istehsalı bu
proseslər əsasında tədricən azalacaq”.
Rayonlarda sənaye sahələri barmaqla sayılacaq qədərdir
İqtisadçı Günay Hüseynovaya görə, hər bir ölkənin iqtisadi vəziyyəti
sənayesinin inkişaf səviyyəsi ilə ölçülür:
“Son illərin statistikasına nəzər yetirdikdə görürük ki, bizdə bu sahədən əldə
edilən gəlirlər əvvəlki illərə müqayisədə azalır. Son 15 ilin statistikasına
əsasən, bu illərdə ölkə iqtisadiyyatının, qeyri-neft sənayesinin inkişaf
etdirilməsi istiqamətində bir sıra dövlət proqramları qəbul edilib, icra
olunub. Habelə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində
əhəmiyyətli addımlar atılıb. Bütün bunlara baxmayaraq, ölkənin sənaye sektoru
ümumi inkişafdan geri qalır. Narahatedici məqam odur ki, ölkənin sənaye
potensialının 90 faizi Bakı, Abşeron iqtisadi rayonunun payına düşür”.
Sənaye istehsalı çoxşaxəli olmalıdır
G.Hüseynovaya görə işlər elə qurulmalıdır ki, sənayedə istehsal olunan
məhsullarımız dünya bazarında rəqabətə davamlı olsunlar:
“Digər tərəfdən, ölkənin sənaye istehsalı çoxşaxəli olmalıdır. Bu, gələcək
iqtisadi tənəzzülün qarşısını almaq deməkdir. Sənayenin sahə quruluşu elə
olmalıdır ki, mövcud resurs imkanları çərçivəsində özünün və ölkənin
ehtiyaclarını öz məhsulları ilə mümkün qədər təmin edə bilsin, daha çox ixraca
hədəflənsin. Ölkədə sənaye sahəsində marketinq siyasəti də yox dərəcəsindədir.
Xarici bazarlara çıxa, öz məhsulumuzu onlara tanıda bilmirik. Rəqabət
qabiliyyətli məhsul istehsal edilərsə, yaxşı marketinq siyasəti qurularsa,
məhsul ixrac edilər, ölkənin tədiyyə balansına müsbət təsir göstərilməklə milli
sərvətin artırılmasına nail olarıq”.
“Bu, dövlətin iqtisadi siyasətidir”
İqtisadçı ekspert Samir Heydərov isə açıqlanan statistika ilə razılaşmır:
“Məncə, Bakıda sənaye istehsalında azalma olmayıb. İşğaldan azad olunmuş
torpaqlarda zavodların açılması o demək deyil ki, Bakıda sənaye istehsalı
azalır. Bu, dövlətin iqtisadi siyasətidir. Məsələn, Laçında beş istehsal
müəssisəsi açılırsa, bu 430 iş yeri deməkdir. İşğaldan azad olunmuş torpaqlarda
çoxlu bərpa və quruculuq işləri ilə yanaşı, zavod və fabriklər də açılır. Bu,
dövlətin uğurlu iqtisadi siyasətinə dəlalət edir”.
Yeri gəlmişkən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə
və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib ki,
Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi
inkişaf Strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da inkişaf
etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi
gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir:
“Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla
3-4%, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl
sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə
2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir”.