Bakı sakinini oğurlayıb, külli miqdarla pul tələbi ilə girov saxlayıblar. Fakt Nəsimi rayonunda qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Nəsimi rayonu Polis İdarəsinə istinadla məlumat yayıb.
Məlum olub ki, cinayətin qurbanı Mirəzim Hüseynov olub. Həmin şəxsi oğurlayıb və Binəqədi rayonunda yerləşən şəxsi qarajlardan birinə aparıblar. Cinayətkarlar Hüseynovu döyüb və videokamera ilə bunu lentə alıblar. Hüseynovu 10 min dollar verməyəcəyi təqdirdə ölümlə hədələyiblər. Kişini bu şərtlə buraxıblar.
Azad edildikdən sonra Mirəzim Hüseynov avqustun 29-da 22-ci polis bölməsinə müraciət edib və oğurlandığını bildirib. O deyib ki, bu ilin iyununda Hüseyn, İsmayıl və Əhməddən 600 manat pul borca götürüb və qısa müddətdə qaytarmağı söz verib.
O, pulu vaxtında qaytara bilməyəndə isə həmin şəxslər bildirib ki, onun 10 min dollar borcu var. Hüseynovu qorxutmaq üçün həmin şəxslər onu qaçırıb və döyüblər. Cinayətkarların ikinci tələbi isə onlardan birinin işə düzəldilməsi olub.
Onlar tələb ediblər ki, Hüseynovun dövlət qurumlarından birində vəzifə tutan dayısı, 1961-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Fərhad Əhməd oğlu Əhmədi işə düzəltsin.
Nəsimi RPİ-dən bildirilib ki, işin materialları Binəqədi rayon Polis İdarəsinə göndərilib. Məlumatlara görə, Hüseynovu girov saxlamış şəxslər aşkar edilib. Hazırda onların törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunması məsələsi həll olunur.