bd18972d-b366-4a57-a2c8-af373b0b104e..jpg

Bakı sakini: “Təqaüdümün bir hissəsini qardaş ölkəyə göndərəcəyəm…” – Paytaxtda SORĞU + FOTO

Baxış sayı: 938 dəfə baxılıb.

Bakı sakini: “Təqaüdümün bir hissəsini qardaş ölkəyə göndərəcəyəm…” –
Paytaxtda SORĞU + FOTO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünyanın bir sıra dövlətləri
qardaş ölkəyə yardımlar göndərməyə başlayıb. Sözsüz ki, ilk yardımı da
Azərbaycan göndərib. Dövlətimizin göndərdiyi yardımlarla yanaşı, xalqımız da
qardaş türk xalqı ilə həmrəylik nümayiş etdirərək sosial şəbəkələrdə Türkiyəni
dəstəkləyən paylaşımlar edir, habelə yardım kampaniyalarına qoşulur. Bu gün
səhər saatlarından etibarən Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına
insan axını müşahidə edilir. Vətəndaşlar zəlzələ nəticəsində dünyasını dəyişən
insanların xatirəsini anmaq üçün səfirliyin önünə gül dəstələri düzürlər.

“Report” Türkiyədə baş verən faciə barədə səfirliyin önünə gələn insanların
fikirlərini öyrənib.

Həmin sorğunu təqdim edirik:

Paytaxt sakini İrşad Kərimov bildirib ki, hər bir Azərbaycan vətəndaşının
ürəyi bu gün qardaş ölkə ilə döyünür:

“Türkiyə ilə məni bağlayan qırılmaz tellər var. Babam orada ali dini təhsil
alıb, mənim də alim kimi Türkiyənin bir çox universitetləri ilə əlaqələrim
olub. Bu gün də türkiyəli alimlərlə əməkdaşlıqlarımız mövcuddur. Bu baxımdan
qardaş ölkəmizdə mənə və ailəmizə çox əziz insanlar var. Baş verən zəlzələ
nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Qardaş ölkə ilə həmrəyliyimizi və onların yanında olduğumuzu bir daha
vurğulamaq üçün bu gün Türkiyə səfirliyinin qarşısına gəlmişəm. Biz Azərbaycan
xalqı olaraq həmişə fiziki, maddi və mənəvi cəhətdən qardaşlarımızın
yanındayıq”.

Əzizağa Əzizov qeyd edib ki, Türkiyə xalqının bu dərdinə şərikdir və əlindən
nə gəlirsə, etməyə hazırdır:

“Bu ay aldığım təqaüdümdən Türkiyəyə yardım edəcəyəm, aylıq təqaüdümün bir
hissəsini qardaş ölkəyə göndərəcəyəm. Düzdür, elə böyük məbləğ olmasa da,
qardaş xalqın dar günündə əlimdən gələn dəstəyi göstərmək istəyirəm. Hər zaman
Türkiyənin yanındayıq, bundan sonra da olacağıq”.

İlham Şəbiyev Türkiyədə baş verən zəlzələ barədə eşidəndə çox üzüldüyünü deyib:

“Allah türk dünyasını qorusun. Biz azərbaycanlılar hər zaman qardaşlarımızın
yanındayıq. Səfirlikdən yardım üçün bank hesabını aldım. İndi yardım göndərmək
üçün banka yollanıram. Ən xırda yardım belə, hansısa yaxşı məqsədə xidmət edir
deyə düşünürəm. Ümid edirəm ki, bu fəlakətin yaratdığı acı nəticələr ən az itki
ilə tez bir zamanda aradan qaldırılar”.

Source link