f5837793-61fc-47aa-bce2-87ea3b3b21c9.jpg

Bakı Təşəbbüs Qrupu Fransanın insan hüquqları pozuntularına dair mətbuat konfransı keçirəcək

Baxış sayı: 278 dəfə baxılıb.

Oktyabrın 25-də Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərində
baş verən insan hüquqları pozuntularını əks etdirən “Fransanın dənizaşırı
ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr
olunmuş mətbuat konfransı keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu tədbir Fransanın bu günədək əsarət altında
saxladığı müstəmləkə ərazilərindəki ciddi insan hüquqları pozuntularını dünya
ictimaiyyətinə çatdırmaq və beynəlxalq dəstək qazanmaq məqsədi daşıyır.

Fransanın bu ərazilərdəki müstəmləkə siyasətinin nəticəsində yaranan ciddi
ekoloji fəlakətlər, mədəni irsin məhv edilməsi, yerli dillərin yoxa çıxması və
təhsil hüquqlarının pozulması kimi məsələlər konfransın əsas müzakirə mövzuları
olacaq.

Hesabat Fransız Polineziyasında nüvə sınaqlarını, Yeni Kaledoniyada nikel
istismarını, Martinik və Qvadelupada pestisid qalmaqalı ilə bağlı ətraf mühit
hüquqlarının pozulmasını, ekoterroru və Mayotun Fransa tərəfindən işğalının bir
sıra nəticələrini əhatə edir. Eyni zamanda, sağlamlıq hüquqlarından məhrum
edilmə, təhsil sahəsində ayrı-seçkilik, məlumat əldə etmək, seçki hüquqlarının
pozulması, mədəniyyət və din azadlığı ilə bağlı pozuntular da müzakirə olunur.
Üstəlik, Fransanın müstəmləkə altında saxladığı ərazilər haqqında BMT-yə
məlumat göndərməsini dayandırması insan haqları pozuntuları ilə bağlı
beynəlxalq müzakirələrin də dayanmasına səbəb olub.

Tədbirin əsas iştirakçıları həmin ərazilərdə baş verən insan haqları
pozuntularının şahidi və qurbanlarıdır. Mətbuat konfransında bu şəxslər öz
şəxsi hekayələrini və icmalarının qarşılaşdığı çətinlikləri paylaşacaq,
Fransanın mədəni və siyasi hegemoniyasına qarşı mübarizələrindən danışacaqlar.

Hesabatda hekayələri işıqlandırılan şəxslər arasında Erik Simoni və “Nazione”,
eyni zamanda, Martinik Ədalət Kollektivinin prezidenti Herve Pintonun 20 ay
həbs cəzasına məhkum edilməsi, Yeni Kaledoniya rəsmi şəxslərinin “Fransa bizi
siyasi məhbus kimi saxlayır” deməsi, təcavüz iddialarının təsdiqi və digər
məsələlər yer alır.

Tədbir BTQ tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Neokolonializm və
kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi
çərçivəsində təşkil ediləcək.

Source link