b085bcb9-f144-4a30-8f30-f80af26a306b.webp

Bakı Təşəbbüs Qrupu kanak xalqını təbrik edib

Baxış sayı: 259 dəfə baxılıb.

Bakı Təşəbbüs Qrupu kanak xalqını təbrik edib.

“Report” xəbər verir ki, Bakı Təşəbbüs Qrupu kanak xalqını azadlıq
mübarizəsində verdiyi böyük qurbanlar hesabına Makron iqtidarını geri çəkilməyə
məcbur etməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Məlum olduğu kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə kanak
xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobudcasına
pozulmasına etiraz əlaməti olaraq bir neçə aydır, dinc aksiyalar keçirilir.

Bu aksiyalar nəticəsindən 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik
qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda,
kanak xalqının azadlıq cəbhəsi olan FLNKS-in əsas fiqurları, xüsusilə hərəkatın
lideri Kristian Teyn, qanunsuz həbs edilərək Lion şəhərinə köçürülüblər. Bakı
Təşəbbüs Qrupu ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verib və dəstək
verməkdə davam edəcək.

Dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini
nəhayət dərk edən Makron iqtidarı kanak xalqı qarşısında geri çəkilmək
məcburiyyətində qalıb. 1998-ci ildə Fransa hökuməti ilə FLNKS arasında
imzalanmış Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi kanak xalqının bir sıra
tələblərini yerinə yetirməyi öhdəsinə götürüb.

Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş
qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini məcbur etdi ki, aşağıdakı
güzəştləri etsin:

– Bundan sonra koloniyaların məsələləri ilə dənizaşırı ərazilər üzrə nazir
deyil, baş nazir özü birbaşa məşğul olacaq;

– Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədilə
tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər;

– Baş nazir və dənizaşırı ərazilər naziri yanında formalaşdırılmış
nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq
(əvvəllər kanak xalqı ilə dialoqdan imtina edirdilər);

– Dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda
keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə
salınır. Fransa Parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər;

– Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı
2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə
səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında
rəsmən bəyan edəcək.

Bu o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli
şəkildə kənardan köçürtdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək.

Bakı Təşəbbüs Qrupu inanır ki, kanak xalqının azadlıq mübarizəsi yerli xalqın
əsas tələbi olan müstəqilliyin qazanılması ilə yekunlaşacaq”.

Source link