Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu
xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.
“Report” xəbər verir ki, BTQ dəmiryolu xəttinin Gürcüstandan keçən 184
kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə
işləri artıq yekunlaşıb.
Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmiryolunun
Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmiryolu
xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi
yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu
bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta
temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə
aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış
mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmiryolu
nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca
önəmli rol oynayır.
Dəmiryolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən
yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən
cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.
Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o,
2017-ci il oktyabrın 30-dan istismara verilib.
Dəmiryolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini
təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında
ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox
qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına
çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan,
263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə
ərazisindədir.