Bakıda əri tərəfindən bıçaqlanan qadın özünü günahkar bildi: “Söyməsəydim,
etməzdi…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda yerləşən şadlıq saraylarından birinin həyətində arvadını bıçaqlayan
kişiyə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş
Ceyhun Səlimov (soyad şərti – red.) 9 may 2023-cü il tarixdə, saat 23:00
radələrində şadlıq sarayının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı
Vüsaləni sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə
aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.
Belə ki, Ceyhun arvadı Vüsaləyə bir neçə dəfə sosial şəbəkələrdən istifadə
etməməsini bildirib. Buna görə də o, Vüsalənin mobil telefonunu əlindən alıb.
Vüsalə evdən qaçaraq şadlıq sarayında qabyuyan işləyib.
Ceyhun uzun müddət axtarışlardan sonra arvadını şadlıq sarayında tapıb və
onunla söhbət edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və kişi arvadını
bıçaqlayıb.
Məhkəmədə Ceyhun törətdiyi əməldən peşman olduğunu desə də, arvadı Vüsalə
özünü günahkar görüb. Zərərçəkmiş şəxs bildirib ki, o, əri Ceyhunu söyüb təhqir
etməsəydi, ona xəsarət yetirməzdi. Vüsalə hadisənin səbəbkarının özü olduğunu
bildirib. Əri Ceyhunla barışdığını, ər-arvad kimi birlikdə yaşadıqlarını deyən
qadının sözlərinə görə, barışığın əldə edilməsi üçün ona heç kəs təzyiq
göstərməyib, əksinə öz iradəsi ilə təqsirləndirilən şəxslə barışıb, habelə
bununla bağlı məhkəməyə ərizə ilə də müraciət etməyib. Zərərçəkmiş şəxs qeyd
etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin
edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Ceyhun Səlimov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində
nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 3 il 6 ay
müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, məhkəmə zalından
azadlığa buraxılıb.