Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı

Baxış sayı: 2. 840 dəfə baxılıb.

Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı

Bakıda 14 yaşlı şagird qaçırılıb.

Bu haqda ÇıxışYolu.Com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

İnsident mayın 9-da Ramana qəsəbəsi ərazisində baş verib.

13:00 radələrində naməlum gənc 2004-cü il təvəllüdlü T.M.-i qaçırıb. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət edib. Onun bildirdiyinə görə, qızını evlilik məqsədilə qaçırıblar.

Qızı qaçıranın kimliyi barədə hələ ki məlumat yoxdur. 12-ci polis bölməsindən qızın axtarışlarının davam etdiyi bildirilir.  

Qeyd etməliyik ki, ölkədə yetkinlik yaşına çatmamış şəxsi nikaha daxil olmağa məcbur etməyə görə Azərbaycan CM-nin 176-1.2 maddələrində üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Bundan başqa, qaçırılma qadının iradəsinə qarşı olduqda, bu zaman cinayət əməlinə CM-nin 144-cü maddəsi ( adam oğruluğu) tövsif olunur. Belə olan halda təqsiri sübuta yetirilmiş şəxsə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Onu da qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, ölkədə qızın nikaha daxil olması üçün yaşı azı 18 olmalıdır. Bununla belə ölkədə erkən nikahlara hələ də tez-tez rast gəlinir.

Son bir həftə ərzində Bakıda yetkinlik yaşına çatmayan qızların vətəndaş nikahından övlad dünyaya gətirməsi ilə bağlı bir neçə fakt qeydə alınıb.

Ramella İbrahimxəlilova