Bakıda 22 yaşlı qızın sevgilisi tərəfindən törədilən qətlin təfərrüatı məlum
olub – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-nin əməkdaşı aprelin 20-də Xətai rayonunda 2002-ci il təvəllüdlü
Elnarə Cabbarovanın tanışı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətov tərəfindən
öldürüldüyü ərazidə olub.
Hadisə şahidinin sözlərinə görə, uşaqlarla həyətdə durarkən “kömək edin”
qışqırıq səslərini eşidiblər:
“Baxdıq gördük ki, xanımın arxasınca bir oğlan qaçır. Oğlan qızı güdürmüş.
Arxadan yaxınlaşıb, bıçaq zərbəsi endirib. Sevgili olublar. Sonra ayrılıblar.
Oğlan qıza “barışmasan, öldürəcəyəm” deyib”.
Daha ətraflı süjetdə:
11:16
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.
Bu barədə Cixisyolu.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 20-də saat 6-da Xətai rayonu ərazisində 2002-ci il
təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu
Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək
qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr
müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılıb və hazırda ona polis müşayiəti altında xəstəxanada
ona tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
09:52
Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il
təvəllüdlü Elnarə Xətai qızı Cabbarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən
ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı,
2003-cü il təvəllüdlü Səbuhi İlkin oğlu Qurbanov sonra özünə xəsarət yetirib. O
xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.