Bakıda 270 milyon manatlıq dələduzluq – Şirkət sahiblərini inandırmaq üçün
lüks avtomobillər kirayələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda özünü iş adamı kimi təqdim edib, müxtəlif sahibkarlardan tikinti
materialları alaraq pullarını mənimsəyən şirkət rəhbərinə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Göygöl rayon sakini
Azər Abıyev (soyad şərti – red.) Bakıda şirkət rəhbərləri və mağaza sahiblərinə
Qarabağda, xüsusən Suqovuşanda müxtəlif tikinti işləri apardığına inandıraraq,
onlara qarşı külli miqdarda dələduzluq edib.
2020-ci ilin müxtəlif dövrlərində şirkət sahiblərinin rəhbərlik etdiyi MMC-yə
dövlət tərəfindən 270 milyon manat pul ayrıldığına, onlardan tikinti
materialları alaraq pulunu sonradan hesaba köçürəcəyinə inandırıb. Nəticədə
kürdəmirli iş adamından 10 200 və 15 130 manatlıq tor və mismar, tikinti
materialları bazarında dam örtükləri və izolyasiya mallarının satışı
mağazasının sahibindən 3 800 manatlıq mal, sement istehsalı şirkətindən 60
092,28 manatlıq və 8 064 manatlıq sement, başqa bir şirkətdən 32 621,23
manatlıq izolyasiya materialları, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B
ünvanında yerləşən 18 nömrəli dükandan 75 365,65 manatlıq lak-boya məhsulları,
məişət və elektrik malları alıb. O, aldığı məhsulları Bərdədə götürdüyü anbara
yerləşdirib və satışını həyata keçirib.
Azər özünü ciddi iş adamı kimi göstərmək üçün “rent a car”dan götürdüyü
“Gelandewagen” və “Maybach” markalı maşınlarla sahibkarlarla görüşə gedib.
Sahibkarlar onun gəldiyi maşınların bahalı olduğunu görüb və ciddi iş adamı
olduğuna inanıblar. Azər sahibkarlara MMC-sinin saxta rekvizitlərini
göndərərək, onların inamını qazanıb.
Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə
tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 il 2 ay müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.