Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun
Əhmədlinin kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses
oktyabrın 17-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə
araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsun Əhmədli 12 il müddətinə
azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş
adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan
şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib. İstintaq
materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan
Azərbaycana şam ağacı idxalı və satışını təşkil etmək, toyuq budu idxal edib
Çində satmaq, borc pul alıb qaytaracağı barədə və digər vədlər verib. Daha
sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.
Cinayət işində bir neçə zərərçəkmiş var. O, həmin şəxslərdən ümumilikdə 3 378
837 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin
şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri
seçilib. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü
(Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci
(Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə)
maddələri ilə ittiham irəli sürülüb.