Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə
məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi
və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM)
Dialoqu keçirilir.
“Report” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil
Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın, BMT
agentlikləri, beynəlxalq maliyyə institutları, elm ictimaiyyətinin və beyin
mərkəzlərinin təmsilçiləri, özəl sektorun nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış
keçiriləcək.
Həmçinin, DİM üzrə dialoq silsiləsi əsas maraqlı tərəflər, o cümlədən hökumət,
BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və
inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl
təcrübələri təqdim etmək və dayanıqlı inkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun
olaraq Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin
icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurasına praktiki dəstək üçün innovativ həllərə şərait yaratmaqdan ötrü
platforma funksiyasını yerinə yetirmək məqsədini daşıyır.
Hər DİM Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə
məsləhətləşmə şəraitində seçilmiş xüsusi mövzuya həsr olunur. Hər dialoqdan
sonra Siyasət İcmalı hazırlanır. Bu, kontekstin qısa təhlili, beynəlxalq
qabaqcıl təcrübələrdən nümunələr, habelə mövzu üzrə praktiki siyasət
tövsiyələri ilə bağlı bir bölmədən ibarət analitik sənəddir.
2022-ci ilin noyabr ayında ilk DİM Dialoqu keçiriləndən bəri, 3 DİM Dialoqu
keçirilib. İlk DİM Dialoqu “Azərbaycanda yaşıl transformasiya”, ikincisi
“2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik”, üçüncüsü isə
“2023-cü ilin Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata
keçirilməsində ali audit qurumlarının rolu” mövzusuna həsr olunub.
Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində
Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə
edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu
illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan
2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.
Daha çox foto burada: PhotoStock.az