Bakıda 49 yaşlı kişi arvadına xəsarət yetirdi – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Sabunçu rayonunda 1975-ci il təvəllüdlü İsa ailə münaqişəsi zamanı
həyat yoldaşı Aydana (adlar şərti verilib) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 10-da
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. İsa yaşadığı evin qonaq
otağında həyat yoldaşı Aydanın nalayiq ifadələr işlətməsi səbəbindən
ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və
qol nahiyələrindən bir neçə dəfə vurub.
Hadisəni törədən İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Aydan ilə təxminən 20 ildir ailə həyatı qurublar:
“Son zamanlar aramızda müxtəlif səbəblərdən mütəmadi olaraq mübahisələr
yaşandı. Oktyabrın 10-da, təxminən saat 22 radələrində yaşadığımız evdə olarkən
Aydanın övladlarımızı nalayiq ifadələr işlədərək təhqir etdiyini gördüm.
Aydanı qonaq otağına çağıraraq ona öz iradlarımı bildirməyə başladığım zaman
mənə kobud cavab verdi. Mənim də ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman
qəzəblənərək qəsdən əlimlə Aydanı möhkəm itələdim. Aydan evdə olan taxtalara
dəydi. Bundan sonra evdən getdim. Həmin vaxt Aydanın xəsarət alıb-almamasını
görməmişəm”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İsa aylıq qazancından 10 faiz dövlət nəfinə pul
tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.