b1a62b6a-25fe-4bb5-834f-e8cb0e6f9940..jpg

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? – FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük
etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3
dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda
yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər.

Etirazçılar bildirirlər ki, hazırda İstanbulda bir ailənin ortabab məkanda
nahar etməsi təxminən 1000 lirəyə (52 AZN) başa gəlir. Yemək bir yana, çay və
ya qəhvə içmək də artıq kifayət qədər sanballı hesab tələb edir. Həmçinin
vətəndaşlar eyni yeməyə görə fərqli məkanlarda fərqli qiymət təklif
olunmasından şikayətçidirlər.

Bəs Azərbaycanda kafe və restoranlarda yemək neçəyə başa gəlir? Həftədə bir
dəfə ailə ilə yeməyə çıxmaq üçün büdcədə nə qədər əlavə gəlir olmalıdır?

“Qafqazinfo”nun araşdırmasına görə, şəhərin mərkəzində 4 nəfərlik ailənin şam
yeməyi təxminən 150-200 manata başa gəlir. Kənarlarda bu rəqəm təxminən 70-90
manat arasında dəyişir.

Məsələn, paytaxtın mərkəzi hissələrində göyərti və tərəvəz qiyməti 5-8
AZN-dir. Müxtəlif pendirlərdən ibarət bulud 8-10 AZN-ə, kolbasa deserti 15-17
AZN-ə təklif olunur.

Salatların isə növündən və məkandan asılı olaraq 1 porsiya üçün qiyməti 13-18
manatdan başlayır və yerə görə 20-25 manata qədər dəyişir. Hazırda rəngarəng
məzələr də yemək masasını cəlbedici edir. Qiymətləri isə təxminən 7-10 manat
təşkil edir. Sac yeməkləri 35 manatdan 70-80 manata qədər dəyişir. Quzu
qabırğası ilə tərəvəzli plov 120 manat, şah plov 50 manat, kababların bir şişi
restorandan asılı olaraq orta hesabla 8-12 manatdır.

4 nəfərlik ailə təkcə alabalıq və ya qızıl balıq sifariş etsə, 60-100 manat
arası hesab verməlidir. Öncədən sifarişlə hazırlanmış bütöv quzu qızartması 500
AZN-ə təklif olunur. Əvvəllər qiyməti daha əlçatan olan qutabın da qiyməti
xeyli qalxıb. Belə ki, könlünüzə 4 ədəd qutab düşsə, şəhərin tanınmış
restoranlarında 11-12 AZN ödəyərək yeyə bilərsiniz.

Meyvə şirələrinin də qiymətləri məkandan asılı olaraq 5-20 manat arasında
dəyişir.

Kafe və restoranların bəziləri isə yemək sifariş etməyənlərə, ümumiyyətlə, çay
vermir. Şəhər kənarlarında çaydanı 3-5 manat olan çayın mərkəzi restoranlarda 1
stəkanı 4-5 manata satılır. Dəstgahla, yəni çaydan əlavə mürəbbə, qənd, konfet,
ləpə və paxlava daxil isə 30-35 manatdır. Əgər çayın yanında müxtəlif
şirniyyatlar da sifariş versək, bu qiymət bir az da yüksəlir. Məsələn,
çizkeykin bir dilimi 12, katmer 30, paxlava dilimi 11, balqabaq və ya heyva
şirniyyatı 10, sütlaç 10, künəfə 12 manatdır. Meyvə salatı 15-20 manata təklif
olunur.

Səhər yeməyi qiymətləri də ortabab məkanlarda bir nəfərə 20 manatdan başlayır.
Hətta 30, 40, 50 manat olanlar da var.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, vətəndaşların alıcılıq
qabiliyyətini təhlil etmiş olsaq, vətəndaş hər gün 1,5 manat gündəlik tələbat
mallarına, ərzaq məhsullarına xərcləyir. Bu o deməkdir ki, onun digər
istiqamətlərə, o cümlədən, iaşə xidmətlərinə, asudə vaxtın səmərəli
keçirilməsinə və s. sərf edəcəyi vəsaitlərin həcmi azalır: “Gəlirlər və qiymət
aspektindən müqayisə apardıqda, Azərbaycanda həyat, o cümlədən, iaşə xidmətləri
kifayət qədər qeyri-əlçatandır. İkinci məsələ isə ondan ibarətdir ki, xidmətlər
çoxçeşidlidir və fərqli qiymətlərə təklif olunur. Bu yerdə qiymətlərin
formalaşmasını tələb və təklif şərtləndirir. İaşə sektorunda təklif elastik
deyil, tələbə uyğun olaraq xidmətlərin miqyasını genişləndirmək olmur. Ona görə
də səfərlərin, turistlərin daha çox olduğu ərazilərdə qiymətlərin fantastik
olduğunu deyə bilərik. Eyni zamanda, kənarlarda qiymətlər qismən əlçatandır.
Burada başqa bir məqam da iqtisadi mühit və məhsulun maya dəyəri ilə bağlıdır.
Bizdə bazar kifayət qədər liberal olmadığı üçün bütün məhsulların qiymətlərinin
üzərində əlavə bir marja alır. Yüksək marja tendensiyaya çevrilib”.

İqtisadçı bildirir ki, digər məqam renta iqtisadiyyatının olmasıdır: “Dünyada
əhəmiyyətli investisiya imkanı olan şəxslərin böyük əksəriyyəti passiv
investisiyanı seçirlər. Renta gəlirlərinə meyil edirlər və bazarda iştirakçı
sayının az olması da rentanı yüksəldir. Həmçinin qeyri-rəsmi ödənişlər bütün
sahələrdə var və iaşə sahəsində daha çoxdur. Bunlar da sənayeni əlavə maliyyə
yükü ilə üzləşdirməklə son nəticədə ölkədə qiymətlərin qeyri-əlçatanlığına
dəstək olur”.

Ailənin nə qədər gəliri olmalıdır ki, həftədə bir dəfə restorana getsin?

R.Həsənov deyir ki, bu, ailənin ölçüsündən, seçimindən, zövqündən asılıdır:
“İnkişaf etmiş cəmiyyətlərdə əhali gündəlik tələbat məhsullarına ərzaq
məhsullarına öz gəlirlərinin 20-25 faizini xərcləyir. Azərbaycan vətəndaşları
da nə vaxtsa o səviyyəyə yüksəlsə, bütün vətəndaşların bu kimi xidmətlərdən
istifadə imkanı artacaq. Amma məsələni nisbətən lokallaşdırsaq, 4 nəfərlik
Azərbaycan ailəsinin regionlarda həftədə 1 dəfə kafe və restoranlardan istifadə
üçün 200 manat, Bakıda isə 250-300 manat əlavə gəliri olmalıdır. Bu o deməkdir
ki, bugünkü orta aylıq əməkhaqqı təxminən 20-30 faiz daha yüksək olarsa,
həftədə bir dəfə iaşə xidmətlərindən istifadə üçün şərtləri daha uyğun edir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hər həftə
istehlakçılar tərəfindən 1-2 şikayət daxil olur: “Şikayətlər əsasən telefon
zəngi şəklində olur və regionun hər yerindən gələn bu şikayətlər əsasən gecə
saatlarında – saat 23:00-dan sonra daxil olur. Vətəndaşlar qiymətlərin artıq
olması, əlavə xidmət haqqının tələb olunmasından şikayətlənirlər. Qiymətlər
kafe və restoranlarda təəssüf ki, getdikcə yüksəlir. Bunun ciddi səbəblərindən
biri budur ki, tələb təklifi üstələyir. Tələb həddindən artıq çoxdur. Məsələn,
ötən il mən turizm həvəskarı və istehlakçı hüquqlarını qoruyan bir şəxs kimi
ölkənin bütün zonalarında monitorinqlər apardım. Məsələn, şimal zonasında –
Qusar ətrafında Qayakənddə bir neçə restoranda oldum. Bu restoranların birində
o qədər növbə var idi ki, orada adamlara it əti də versələr, nə qədər də pul
istəsələr, verməyə məcburdurlar. Çünki insanlar acdılar və yemək istəyirlər.
Orada vəziyyət həddindən artıq pis idi, eləcə də antisanitariya hökm sürürdü.
Eləcə də Gəncədə Hacıkənd istiqamətində çoxsaylı qondarma restoranlar var və
antisanitariya baş alıb gedir. Qiymət isə yuxarıdır. Nisbətən yaxşı vəziyyət
cənub bölgəsində idi”.

“Restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır”

E.Hüseynov deyir ki, tələb təklifi üstələdiyindən, bu barədə heç bir dövlət
qanunu olmadığından restoranlar istədikləri kimi qiymət qoyurlar: “Hesab edirəm
ki, restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır. Amma bazar
iqtisadiyyatıdır və qiymətlər tələb-təkliflə formalaşır. Lakin Azərbaycanda
boykota nail olmaq qeyri-müşkül məsələdir. Mən hələ bəlli satış şəbəkələri
istisna olmaqla, istehlakçıların boykotuna nail ola bilməmişəm. Restoranlarda
lazım olsa, müəyyən boykot olmalıdır ki, belə hallar baş verməsin.

Qiymət artımının qarşısını almaq üçün hökumət bu biznes sektoru üçün əlverişli
şərait yarada bilər. Torpaq ayırmaq, elektrikə, qaza əlçatanlığı
yaxşılaşdırmaqla rəqabət şəraiti yaranar. Bu halda qiymət aşağı düşə bilər”.

Source link