Pakistan vətəndaşını qarət edən seks sənayesinin nümayəndələri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda deyilir.
Sentyabrın 21-dən 22-nə keçən gecəni Əhməd Rəcəbli küçəsindəki “Atlas” hotelində keçirən Pakistan vətəndaşı üçün gecə alovlu olub. Sentyabrın 16-da Bakıya gələn 1988-ci il təvəllüdlü İlyas Ömər iki qadını əylənmək məqsədilə otağına dəvət edib.
Səhər turist özündən razı halda tualetə gedib və otağa qayıdanda qadınları tapa bilməyib. Pakistanlı dərhal pulunu axtarsa da, şübhəsi təsdiqini tapıb. “Eşq keşişləri” onun 1300 dollar və 650 dirhəm (təxminən 300 manat) pulunu oğurlayıblar.
Pakistanlı polisə şikayət edib. Məlum olub ki, onun turist vizasının müddəti sentyabrın 24-də başa çatır və o, vətəninə qayıtmalıdır. İstintaqçılar artıq fahişəliklə məşğul olan qadınları müəyyənləşdiriblər – onlar 37 yaşlı Ağsu rayon və 33 yaşlı Ağdam rayon sakinləridir. Hələ saxlanılmadıqları üçün qadınların adı hələ açıqlanmayıb.
Qeyd edək ki, Bakıda bu kimi hallar Fars körfəzi ölkələrindən gələn turistlərin başına tez-tez gəlir.
Ramella İbrahimxəlilova