d2592afb-9198-4de7-ae85-f5b60dc52b4b..jpg

Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?

Baxış sayı: 758 dəfə baxılıb.

Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi
üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş
ittihamda özünü qismən təqsirli bilib.

Babək Quliyev ifadələrində göstərib ki, 24 avqust 2022-ci il tarixində gecə
saatlarında həyətdən səs gəldiyini eşidərək yuxudan ayılıb. O, həyətə çıxanda
kiminsə darvazadan tullandığını görüb. Həmin şəxsin oğru olduğunu düşünüb, onu
tutub öz həyətlərinə gətirərək, bir-iki dəfə şillə vurub. Həmin şəxs isə adının
Hüseynağa Şeydabəyov olduğunu, oğru olmadığını, qızı Zəminəni (şərti) sevdiyini
deyib. Babək Hüseynağaya onun və qızının yaşlarının az olduğunu söyləyib,
dərsləri ilə məşğul olmağı tapşıraraq zərərçəkmişi yola salıb.

Babək Quliyev qeyd edib ki, həmin hadisənin səhəri günü, yəni avqustun 25-də
qızı ilə görüşəndə Zəminə ona Hüseynağanın onu biabır etməklə hədələdiyini
deyib. O da əsəbiləşərək öz qızını şillə ilə vurub, telefonunu onun əlindən
alıb. Həmin gün axşam təqsirləndirilən şəxs Hüseynağa ilə söhbət etməyə gedib.
Hüseynağaya bir-iki dəfə şillə vurub və bu yaşda qızı ilə evliliyi düşünməyin
düzgün olmadığını, hər şeyin qaydası olduğunu başa salıb. Sonra Babək
Hüseynağanı öz maşını ilə evinin qarşısında düşürüb. 28 avqust 2022-ci il
tarixində atası vəfat edib. Başları yas mərasiminə qarışıb. Bir-iki gün sonra
Zəminə atasına deyib ki, Hüseynağa ona öz evlərinin pəncərəsində telefon
gətirib verib və onunla danışmasa qızını biabır edəcək. Babək də telefonla
bağlı Hüseynağaya zəng edib, onu tənbeh edib. Bundan sonra təqsirləndirilən
şəxsin qonşusu ona evlərinin həyətindən tanımadığı oğlanın çıxdığının gördüyünü
deyib. O da yenidən Hüseynağaya zəng vuraraq onu tənbeh edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra Babək oğlunun idman
köynəyini götürmək üçün evlərinə qayıdanda, Hüseynağanın onların həyətindən
çıxdığını görüb. Hadisə sentyabrın 6-da olub. Evə gələndə axşam təxminən saat
23 radələri olub. Babək də Hüseynağanı tutub qaraja apararaq, onu tənbeh edib.
Lakin bunun faydasının olmadığını gördükdə oğlanı qorxutmaq qərarına gəlib.
Belə ki, Babək onun əl-qolunu bağlayaraq maşına mindirib, dəniz kənarına
aparıb. Dəniz kənarında Hüseynağanın əl-qolunu açıb.

Babək Quliyev bildirib ki, Hüseynağa Şeydabəyov dənizkənarında qızı ilə
dəfələrlə cinsi əlaqədə olduğunu, Zəminənin cinsi əlaqədə olması ilə bağlı
videoçəkilişlərinin telefonunda saxladığını, bunu həm anasının, həm də
bacısının bildiyini deyib. Həmçinin onlar dənizkənarına gedərkən yolda
Hüseynağaya qızını ona verməyə məcbur olduğunu söyləyib. O, bütün bunları
eşitdikdə özünü saxlaya bilməyərək, Hüseynağanı boğaraq öldürüb.
Təqsirləndirilən şəxs onun Hüseynağanı öldürmək niyyəti olmadığını qeyd edib.
O, Hüseynağanı öldürdükdən sonra meyiti maşında saxlayıb, sonra isə Qaradağ
rayonunda basdırıb. Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il
təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət
əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən
öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla
zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq
məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə
boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs
qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmənin hökmünə əsasən, o, 18 il
azadlıqdan məhrum edilib.

Source link