Bakıda avtobus sürücüsünü döyüb qaçan şəxs kimdir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda fəaliyyət göstərən 9 saylı marşrut xəttinin sürücüsü tanımadığı şəxs
tərəfindən döyüldüyünü deyir.
“Qafqazinfo”ya müraciət edən sürücü Vüsal Bayramov hadisənin Yasamal rayonu
ərazisində baş verdiyini bildirib.
Onun iddiasına əsasən, insident kiçik yol qəzasından sonra baş verib:
“Yanvarın 10-da saat 20:22-də Tbilisi prospektindən 20 Yanvar dairəsinə doğru
hərəkətdə olarkən supermarketlərdən birinin parkinqindən “Audi Q3” markalı, 99
SK 699 dövlət qeydiyyat nişanlı avtomobil əsas yola çıxdı. Mən avtobusu sola
çəkərək hərəkətimə davam etdim, lakin həmin avtomobili idarə edən qadın sürücü
yola çıxaraq məni sıxdı və qəfil önümə keçməyə çalışdı, bu zaman yüngül
toqquşma oldu”.
Şikayətçi bildirib ki, hadisə yerinin yaxınlığında yol polisi olub: “Mən
bacardığım qədər sola çəkilmişdim ki, qəza olmasın və o tərəfə yer yox idi.
Həmin avtomobil hərəkət etdiyim zolağa daxil olaraq sağ tərəfdən manevr edib
qəzaya səbəb oldu. Yol polisi yaxınlıqda idi, sənədlərimizi aldı və Bakı Şəhər
Yol Polisi İdarəsinə gəlməyimizi, eyni zamanda sığortanı gözləməyimizi
bildirdi. Dayanıb sığortanı gözləyərkən 3 nəfər naməlum şəxs oraya yaxınlaşdı,
“Audi”dəki xanımla danışaraq yüksək səslə məni təhqir etməyə başladılar,
ünvanıma nalayiq sözlər işlətdilər və onlardan biri gözümə yumruqla zərbə
vurdu. Nəticədə dişim sındı. Onlar isə “Toyota Land Cruiser” markalı avtomobilə
minərək ərazidən uzaqlaşdılar”.
V.Bayramov əlavə edib ki, hadisə barədə “102” xidmətinə məlumat verib və
Yasamal Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat
xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, hadisə
barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır: “Müvafiq
ekspertizalar təyin edilib və ekspertiza rəyinə uyğun olaraq əmələ hüquqi
qiymət veriləcək”.