Bakıda ayıq sürücü müştərinin “Land Rover”indən oğurluq etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda ayıq sürücü müştərinin “Land Rover RR Sport” markalı avtomobilindən
oğurluq edib.
“Qaynarinfo”nun məlumatına görə, hadisə ilk dəfə Xətai rayonu, Sabit Orucov
1188 ünvanında yerləşən restoranlardan birinin qarşısında baş verib.
Belə ki, 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cavid Nərimanov
(ad-soyad şərti) 15 oktyabr 2023-cü il tarixində, saat 00:32 radələrində
sözügedən restorana içkili müştərinin avtomobilini idarə edilməsi üçün
çağırılıb.
“Land Rover RR Sport” markalı avtomobillə üç nəfər müştərini Səbail rayonu,
Badamdar qəsəbəsinə aparıb. Yolda avtomobilin sahibinin içkili olduğunu bilən
Cavid Nərimanov pul qabına əlini ataraq bir ovuc pulu götürüb. Müştəriləri
düşürdükdən sonra pulu cibinə qoyub və dərhal yaşadığı ünvana gedib. Evində
bilib ki, müştəridən 650 manat pul oğurlayıb.
Polis tərəfindən saxlanılan ayıq sürücü barəsində Cinayət Məcəlləsinin
177.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Şikayətçi də
onu bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə Cavid Nərimanov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində
nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və 480 saat müddətinə
ictimai işlər cəzasına məhkum edilib.