Bakıda Azərbaycan və Almaniya XİN başçılarının geniş tərkibdə görüş keçirilib
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
4 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikasının
xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Bu barədə Xarixi İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər arasında keçirilmiş geniştərkibli görüş zamanı iki ölkə arasında
mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq
təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar,
işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, Azərbaycan və Ermənistan
arasında normallaşma və sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin
səyləri, bu istiqamətdə mövcud çağırışlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş
anti-terror tədbirlərinin ölkəmiz tərəfindən beynəlxalq ictimaiyyətin
qarşısında daimi əsasda qaldırılan qeyri-qanuni erməni silahlı qüvvələr
təhdidinə qarşı yönəldiyi bildirilib. Görülən tədbirlər nəticəsində suveren
ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının bir daha aydın olduğu
diqqətə çatdırılıb.
Son 30 ildə bölgəyə ilk dəfə səfər edən beynəlxalq təşkilatların
nümayəndələrinin də təsdiqlədiyi kimi, mülki şəxslərə qarşı heç bir zorakılıq
faktının olmadığı, erməni sakinlərin bölgəni könüllü şəkildə tərk etməsinin
səbəbinin isə ərazilərimizdəki qeyri-qanuni rejimin azərbaycanlılar və
ermənilərin birgəyaşayışının mümkünsüzlüyü ilə bağlı apardığı təbliğat, habelə
Azərbaycan Hökumətinin nümayəndələri ilə erməni sakinlərin nümayəndələri
arasında görüşlərin nəticələrinin onlara çatdırılmaması olduğu vurğulanıb.
Bu istiqamətdə, ərazilərimizi tərk edən erməni sakinlərin axınının baş
verməsinin məsuliyyətinin Azərbaycanın yox, qeyri-sabit bəyanatlarla çıxış edən
Ermənistanın üzərinə düşdüyü vurğulanıb.
Bütün bunlara baxmayaraq, son dövlərdə ölkəmizə qarşı sərgilənən ədalətsiz
mövqeyin təəssüf və təəccüb doğurduğu, bu istiqamətdə beynəlxalq hüququn əsas
prinsipləri, o cümlədən ərazi bütövlüyü, suverenlik kimi prinsiplərə
münasibətdə selektiv yanaşmanın nümayişinin qəbuledilməzliyi qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair
bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
04.11.2023, 20:05
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər
naziri Annalena Berboku arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə ikitərəfli və çoxtərəfli münasibətləri və münaqişədən sonrakı regional
vəziyyət müzakirə olunub.
Foreign Minister @Bayramov_Jeyhun
Federal Republic of#Germany
meeting in an expanded format to discuss 🇦🇿-🇩🇪 bilateral & multilateral
relations & post-conflict regional situation.pic.twitter.com/hXSU9zexRk
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 4, 2023
19:48
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici
işlər naziri Annalena Berboku arasında görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.