Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşündə biznes və
investisiya imkanları barədə məlumat verilib, qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi müzakirə edilib.
Cixisyolu.com xəbər verir ki, Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin
– AZPROMO və Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının birgə
təşkilatçılığı ilə Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü
keçirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika
nazirinin vəzifəsini icra edən Vladimir Malinovun iştirakı ilə keçirilən görüşə
rəsmilərlə yanaşı, sənaye, nəqliyyat, logistika, İKT, neft-qaz, ticarət və
digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri qatılıblar.
Görüşdə Azərbaycan – Bolqarıstan əlaqələrinin dövlət başçılarının siyasi
iradəsi nəticəsində dinamik inkişaf etdiyini vurğulanıb. Bu gün Bakıda
imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında
strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” qarşılıqlı
etimadın göstəricisi kimi qiymətləndirilib. Keçirilən müzakirələrin və səmərəli
danışıqların perspektiv sahələr üzrə işbirliyinin möhkəmləndirilməsi və yeni
birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin olacağına əminlik ifadə
olunub.
Yeni təşəbbüslərin reallaşdırılması üçün hər iki ölkənin biznes nümayəndələri
AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək mexanizmlərindən
yararlanmağa dəvət olunub. Tərəflər enerji ixracı, o cümlədən “yaşıl” və
bərpaolunan enerji layihələrində əməkdaşlıq potensialının güclü olduğunu
diqqətə çatdırıblar.
Məlumat verilib ki, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə
artıb. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə
artaraq 153 milyon ABŞ dollarına çatıb, ixracımız isə illik dörd dəfədən çox
artaraq 146 milyon ABŞ dolları təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın ən
çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda
Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və
xidmət sahələrində aktiv fəaliyyət göstərir. Bununla belə, xüsusən də
qeyri-neft sektoru – kiçik və orta sahibkarlıq, rəqəmsal iqtisadiyyat və
innovasiya, eləcə də nəqliyyat və tranzit sektorlarında əlaqələri
genişləndirmək üçün imkanlar var.
Görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının icraçı direktoru Bratan
Bratanov işgüzar münasibətlərin inkişafı üçün hər iki tərəfdə əlverişli
şəraitin olduğunu nəzərə çatdıraraq, investisiya mühiti və biznes imkanları ilə
bağlı məlumat veriblər.
Tədbirdə “Silk Way” və Bolqarıstanın “Dronamics” şirkətləri arasında dron
əsaslı yük xidmətlərinin inkişafı üzrə imzalanmış sənədlərin mübadiləsi olub.
Sənədə əsasən, tərəflər yüklərin daşınması sahəsində texnologiyalar və
xidmətləri birgə inkişaf etdirəcək.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Bolqarıstanın “Caspian
Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması
ilə əlaqədar şəhadətnamə təqdim edilib. Bununla da Sənaye Parkının
rezidentlərinin sayı 41-ə çatıb.
Görüşdə iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirilən
layihələr barədə məlumat verilib, tərəfdaşlıq imkanları müzakirə edilib. Tədbir
B2B görüşlərlə davam edib.