Bakıda bəzi binalar mavi işıqla işıqlandırılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin ikisində “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel,
“Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm
Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, autizm həyatın ilk üç ilində özünü göstərən və
cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı
neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən
insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə
bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, iki aprel tarixini
isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.
Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən bir
faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli
uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri
hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni
irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.
Aprelin ikisini ixtisaslaşmış dövlət və ictimai təşkilatlar autizmlə bağlı
məlumatların yayılmasına, məsələn, mühazirələrin keçirilməsinə və ya
bukletlərin nəşrinə həsr edirlər. Həmçinin hər il müəyyən mövzuya həsr olunan
gün çərçivəsində autizmli insanların qəyyumluq, müstəqillik və hüquq
qabiliyyəti məsələləri ilə bağlı strategiya və yanaşmaların müzakirəsi
məqsədilə konfranslar keçirilir.
Son illərdə Azərbaycanda uşaqlarda erkən yaşlarda başlayan autizm spektr
pozuntusuna diqqətin artırılması istiqamətində geniş addımlar atılır. Dövlət
qurumları, qeyri-hökumət təşkilatları, yerli media, bir sözlə cəmiyyətin
müxtəlif quruluşlarının nümayəndələrinin diqqətini autizmə cəlb etmək, dövlət
dəstəyi mexanizmlərini hazırlamaq üçün qüvvələrini səfərbər ediblər.
“Birgə və Sağlam” İctimai Birlik dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək
məqsədilə autizm spektr pozuntusu olan şəxslərin təhsili, cəmiyyətə
inteqrasiyası, ailələrin dəstəklənməsi və ictimaiyyətin maarifləndirilməsi
sahəsində daim tədbirlər keçirir. İndiyədək bir sıra dövlət və özəl qurumların
dəstəyi ilə bir çox maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlər
autizmin simvolik ayı hesab olunan apreldə daha intensiv şəkildə olur. Bu il də
ictimai birlik ənənəyə sadiq qalaraq aprel ayını bir sıra tədbirlərlə qeyd
edəcək.
Qeyd edək ki, 2010-cu ildə ABŞ-ın “Autism Speaks” təşkilatı tərəfindən
başladılan və indiyədək altı qitə, 136 ölkə və 600 şəhərdə icra edilən “Mavi
işıqla işıqlandır” (Light It Up Blue) layihəsinə Azərbaycan da ən yüksək
səviyyədə dəstəyi ilə qoşulub. Bu il də bu layihənin reallaşmasında təşkilata
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi, Regional İnkişaf
İctimai Birliyi dəstək verir. Layihə çərçivəsində Bakının görkəmli inşaat
obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılaraq cəmiyyətə çağırış
edilir. Ötən illərdə olduğu kimi aprelin ikisində “Socar Tower”, “Alov
qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal”, Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı səfirliyi kimi obyektlər və memarlıq abidələri mavi
rənglə işıqlandırılıb.