Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Məmmədovu CM-nin 181.1 (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il yanvarın 18-də “Turanbank” ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Yasamal RMİ-nin əməkdaşları dərhal operativ reaksiya göstərərək, hadisə yerinə yollanıb və xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxsi tərksilah edərək tutublar. Ondan məişət təyinatlı bıçaq götürülüb, o, ərazi üzrə Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilib.
Araşdırma zamanı onun Nazim Məmmədov olması müəyyən edilib.
İstintaqın gedişatında müəyyən edilib ki, Nazim Məmmədov banka daxil olaraq müştəri S.Nəcəfovaya arxadan yaxınlaşıb, boğazına bıçağı dirəyib və xəzinədardan pul verməsini tələb edib.
Qeyd edək ki, zərərçəkən qadın filiala pul xırdalamaq üçün daxil olub. Bu zaman bankın əməkdaşlarından biri həyəcan düyməsini basıb. Məlum olub ki, Məmmədov psixonevroloji dispanserlərdən birində qeydiyyatdadır.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O, cinayəti 12800 manat borcu olduğu üçün törətdiyini bildirib. Daha sonra prosesdə şahidlər ifadə verib.
Növbəti iclas iyunun 5-nə təyin edilib.