8eb00dda-cf31-4d56-982f-3c139887bf18..jpg

Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məhsulların satışı dayandırılıb – FOTO

Baxış sayı: 621 dəfə baxılıb.

Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məhsulların satışı
dayandırılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi, 7A ünvanında
fəaliyyət göstərən bazarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Bu barədə Cixisyolu.com-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki
vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida
məhsullarının saxlanması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla
təmin edilmədiyi, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə
məhsulların satışının həyata keçirildiyi məlum olub.

Eyni zamanda xüsusi risk qrupuna aid məhsulların temperatur rejiminə əməl
olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi
müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik
işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Bazarda satışı həyata
keçirilən və üzərində qanunvericiliyə uyğun markalanma aparılmayan məhsullardan
nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına
təqdim edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri
barəsində inzibati protokol tərtib olunub. Bazarın daxilində ət və ət
məhsulları, süd və süd məhsullarının, eyni zamanda təşkil edilmiş piştaxtalar
üzərində qida məhsullarının satışının qadağan edilməsi barəsində
məhdudlaşdırıcı qərar qəbul edilib.

Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu satış və
ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu
prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd
məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin
dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin
edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın,
istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli,
qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi
geyimlə təmin edilməlidir.

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri barəsində ən
sərt tədbirlər görüləcək.

Source link