Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 2-də Heydər Əliyev Sarayında Belarus Mədəniyyəti Günlərinin təntənəli
açılış mərasimi keçirilib.
Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini
Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adil Kərimli və
Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və
digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner
sərgisi, Belarus xalq sənətkarlığı nümunələri və ustad dərsləri ilə tanış
olublar.
Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib.
Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli belaruslu qonaqları və
tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, ölkələrimiz arasında hər zaman
möhkəm dostluq əlaqələri mövcud olub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun
mütəmadi görüşləri, dostluq münasibətləri sayəsində ölkələrimiz arasında digər
sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığa geniş
üfüqlər açılıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışında Azərbaycanı Belarusun
etibarlı dostu kimi səciyyələndirib. Bildirib ki, Belarus dövləti Azərbaycanı
bu gün beynəlxalq arenada iqtisadi və sosial tərəfdən inkişaf etmiş bir dövlət
kimi tanıyır və qəbul edir:
“Bizim dostluq ənənələrimizin köklü tarixi var və bu əməkdaşlıq gələcəyə
hesablanır. Biz mədəni əməkdaşlığımızı yüksək dəyərləndiririk və bu
əməkdaşlığın davamlılığı qarşıda böyük və geniş birgə layihələrin reallaşmasına
zəmin yaradacaq. Bu layihələr xalqlarımızın marağına xidmət edəcək”.
Anatoli Markeviç “Slavyan bazarı” musiqi festivalının “Ulduz” meydanında
tanınmış azərbaycanlı bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun da
adının qeyd olunduğunu diqqətə çatdırıb:
“Biz ölkəmizin bütün səhnələrində çox istedadlı və parlaq çıxışları ilə yadda
qalan azərbaycanlı sənətçiləri görməkdən məmnunuq. Mən çox şadam ki,
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri əsl mədəni dialoqa çevrilə
bildi. Bizim bu tədbirlərdə bəzən tərcüməçilərə də ehtiyacımız yoxdur. Çünki
biz anlaşılan bir dildə, sülh, dostluq və yüksək sənət dilində danışırıq”.
Bu il Belarusun alman faşizmindən azad olunmasının 80 illiyinin qeyd
edildiyini diqqətə çatdıran A.Markeviç ölkəsinin azadlığı uğrunda həlak olan
azərbaycanlı əsgərlərin xatirəsinə dərin ehtiramını bildirib.
Belaruslu nazir çıxışının sonunda nümayəndə heyətinə göstərilən
qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət
Nazirliyinə minnətdarlıq edib və tezlikdə Azərbaycanın mədəniyyət xadimlərini
Belarusda gözlədiklərini söyləyib.
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert
proqramı təqdim olunub. Konsertdə Belarus Dövlət Akademik Rəqs Ansamblı,
“Vitebsk-2023” estrada mahnı müsabiqəsinin laureatı Samir Yolçuyev, Belarus
Böyük Teatrının solistləri Darya Qorojanko, Əməkdar artist Viktoriya Aleşko və
əfsanəvi “Pesnyarı” Dövlət Ansamblı çıxış edib. Belarus ifaçılarının təqdim
etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.