9afc72fb-5e53-45e0-98e8-15c187c4ee35..jpg

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib – FOTO

Baxış sayı: 716 dəfə baxılıb.

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib.

APA xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl
Bluşi, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev,
ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi
şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən səfir Əl Bluşi qeyd edib ki, bu gün hər bir BƏƏ
vətəndaşının qəlbində əziz xatirə olan gün – Birləşmiş Ərəb Əmirlikləri
dövlətinin yaranmasının 52-ci ildönümü qeyd olunur:

“Birliyin şəfəqi 1971-ci ilin bu günündə parladı. Mən BƏƏ ilə Azərbaycan
arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli
ikitərəfli münasibətləri təqdir etmək istərdim. Hər iki dövlət liderlərinin
qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin
səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli
əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”, – diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, iki ölkə vətəndaşları vizadan azad edilib, bundan
başqa, bərpa olunan enerjinin istehsalı, neft-qaz və digər sahələrdə 40 sənəd,
anlaşma memorandumu və sazişlər imzalanıb:

“Bu, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmliyini
əks etdirir,” – deyə Əl Bluşi qeyd edib.

Diplomat həmçinin fəxri qonaq qismində iştirak edən azərbaycanlı nazirə, eləcə
də BƏƏ-nin 52-ci Milli Günü münasibətilə tədbirə verdiyi dəstəyə görə,
Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.

Səfir əlavə edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx
Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi altında regional və beynəlxalq
arenalarda mövqeyini, fəal rolunu gücləndirməklə, inkişaf və iqtisadi yüksəliş
yolunu davam etdirir:

“BƏƏ dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında möhkəm əlaqələr qurmağa,
ölkələr arasında mübahisələrin dialoq və dinc vasitələrlə həllinə sadiqliyinə,
beynəlxalq sabitliyin, sülhün dəstəklənməsinə, insanların birgə yaşayışının
təşviqinə töhfə verməyə müvəffəq olub. BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Al
Nəhyan ölkədə 2023-cü ili “Sabah üçün bu gün” şüarı altında “Davamlılıq İli”
elan edib. “Davamlılıq İli” BƏƏ-nin davamlılıq problemlərini həll etmək üçün
beynəlxalq kollektiv fəaliyyətin gücləndirilməsində göstərdiyi səyləri və daha
firavan gələcək qurmaq üçün hər kəsə fayda verən innovativ həllər axtarışında
rolunu vurğulamaq məqsədi daşıyır”, – səfir bildirib.

“Bu gün BƏƏ dünya miqyasında davamlı iqtisadi inkişaf sahəsində aparıcı modelə
çevrilib və iqtisadi artım, rifah və ətraf mühitin mühafizəsi arasında
tarazlığa nail olmağa yönəlmiş iddialı strategiyalar qəbul edir. BƏƏ kosmosa və
müxtəlif elmlərə olan marağını davam etdirir, bu sektorda qabaqcıl nəticələr
əldə etməyə çalışır. Keçən ilin sentyabrında ölkə, BƏƏ astronavtı Sultan Əl
Neyadinin uzun sürən kosmos səyahətindən sonra Yerə qayıtmasını, Beynəlxalq
Kosmik Stansiyada uzun müddət qalan, kosmosda gəzinti həyata keçirən ilk ərəb
astronavtı kimi böyük nailiyyətini qeyd edib. BƏƏ, həmçinin ən böyük və ən
qabaqcıl peyklərdən biri olan “Mohammed bin Zayed sat” (MBZ-SAT) peykini
2024-cü ildə orbitə çıxarmağa hazırlaşır. Ölkəmiz kosmos sahəsində tərəfdaşları
ilə əməkdaşlıq çərçivəsində elmi töhfələrini artırmağa davam edəcək. BƏƏ,
ekoloji problemlərin həllinin təşviqini və iqlim dəyişikliyi ilə bağlı
problemlərin həllini öz prioritetləri sırasına qoyur. BMT İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin konfransının iyirmi səkkizinci
sessiyası COP28 BƏƏ-də 30 noyabr – 12 dekabr tarixlərində “Expo City Dubai”da
keçiriləcək, dünya liderləri və ekspertləri planetimizin üzləşdiyi riskləri
azaltmaq istəyi ilə bir araya gələcək”, – diplomat əlavə edib.

Səfir BƏƏ-in BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinə də toxunub:

“BƏƏ Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə münaqişələrin dinc yolla
həllini təşviq etmək, humanitar yardıma üstünlük vermək, sülhü qorumaq, qlobal
səhiyyə və sağlamlıq böhranlarını həll etmək, bəşəriyyətə xidmət etmək üçün
innovasiya imkanlarından istifadə etmək, terrorizmlə mübarizə üçün beynəlxalq
sistemin inkişaf etdirilməsi kimi dövrümüzün bəzi vacib çağırışlarının həllində
mühüm rol oynayıb”.

Diplomat həmçinin vurğulayıb ki, BƏƏ beynəlxalq miqyasda yardımların ən böyük
donorlarından biri qismində iştirak edir.

“BƏƏ yarandığı gündən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə
beynəlxalq əlaqələrini gücləndirmək və genişləndirməkdə maraqlıdır. Ölkə
çoxtərəfli əməkdaşlığa möhkəm sadiqliyini əks etdirməklə və bütün sektorlarda
beynəlxalq prioritetlərə nail olmaqla 150-dən çox təşkilata üzv olub. BƏƏ dünya
ölkələrinin ümumi maraqlarına əsaslanan və sülhün, sabitliyin, firavanlığın,
xalqların rifahının təşviqinə yönəlmiş xarici siyasətini davam etdirəcək”.

Source link