Bakıda biznesmeni izləyib yarım milyonunu oğurlayan şəxs doqquz ay sonra həbs
olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin avqustunda Bakı şəhər Nərimanov rayonunda iş adamına hücum edərək
onun yarım milyon manata yaxın pulunu alan dəstə üzvlərindən biri Rusiyada
tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Yusif Əliyev
bu ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki
cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Yusif Əliyev tanışı, iş adamı Bəxtiyar M.-in
valyutadəyişmə işi ilə məşğul olduğunu bilib. Hadisə günü iş adamı yarım milyon
manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə
yerini dəyişib. O, pulları notbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki
evindən Nərimanov rayonunda yerləşən evinə gətirib. Yusif Əliyev bundan
məlumatlı olduğu üçün tanışı Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib
və pusqu qurub. Özü isə kənarda avtomobildə gözləyib. Bəxtiyar M. binaya daxil
olarkən Faiq ona hücum edərək zərbələr endirib və pulla dolu çantanı götürərək
qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər.
Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub.
Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində onların hər birinə 11 il
həbs cəzası verilib.
Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin
məhkəməsi isə noyabrın 27-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu
Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq – 181.3.2. külli miqdarda
əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə
təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1
uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib.