Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyf oğurlanıb.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Oğurluğun oktyabrın 13-də, saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50×30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.
Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakin şirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.
Qeyd edək ki, UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar “Cummins” mühərrikləri, generatorları, “Fleetguard” filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.
Ramella İbrahimxəlilova