fe075ce0-1847-4412-9564-f6e37ad1f7a6..jpg

Bakıda bu qədər silah haradandır? – Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA + FOTO

Baxış sayı: 860 dəfə baxılıb.

Bakıda bu qədər silah haradandır? – Artan kriminal hallarla bağlı polis
rəisindən AÇIQLAMA + FOTO

Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının
artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan
silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə
bağlıdır.

Bu fikirləri Bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev
bildirib.

Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla
odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni silah
alveri onilliklər ərzində problem olaraq qalacaq:

“Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin
aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya
müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə
çıxarılması halları artır. Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət
kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən çıxarılmayıb”.

Ekspert vurğulayıb ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının
miqyasını təxmin etmək çox çətindir:

“Buna baxmayaraq Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları
mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar
hazırlayırlar. 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin
qeyri-qanuni yollarla odlu silah əldə etdiyi təxmin edilirdi. Bu göstərici
qanuni mülkiyyətdə olan odlu silahların sayından çoxdur”.

Əlövsət Əliyev hesab edir ki, Azərbaycanda qanunsuz yolla odlu silahlar əsasən
müharibə vaxtı döyüş bölgələrindən əldə edilib:

“Düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan gizlədilib. Eyni
zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı yoxa
çıxan silahları, habelə müharibə vəziyyətindən yaralanan, vəzifəsindən
sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar qanunsuz
dövriyyədədir. Qarabağ müharibəsi başa çatandan sonra “Odlu silahlarla bağlı
yol xəritəsi “ hazırlayıb hüquq-mühafizə orqanlarına gündərmişdim. Orada
müharibə zamanı yoxa çıxdığı ehtimal olunan və ya qanunsuz olaraq əldə edilən
silahların sayı və növünü, itdiyi tarixi müəyyən etməyin, həmin silahların
izlənməsinin zəruriliyini qeyd etmişdim. Keçmiş təcrübəmə və izlədiyim
məlumatlara əsaslanaraq deyə bilərəm ki, qanunsuz odlu silahların daşınmasında
daha çox avtomobillərdən istifadə olunur. Həmin silahların satışı və saxlanması
ilə mütəşəkkil cinayətkar qruplar və ya ayrı-ayrı şəxslər məşğul olur. Bu
şəxslər əsasən keçmiş hərbçi və polislər, əsir və girovların qeyri-rəsmi
danışıqlar yolu ilə dəyişdiriməsi ilə məşğul olan şəxslərdir”.

Müsahibimiz bildirib ki, hazırda müharibə olan bütün ölkələrdə qeyri-qanuni
odlu silahların sayı artmaqdadır:

“Avropada aparılan təhqiqatlara görə, Qərbi Balkan ölkələrindən qanunsuz yolla
gətirilən odlu silahlar satılmaqda davam edir. Ukraynadan qaçaqmalçılıq yolu
ilə AB-yə silah gətirilməsini iddia edənlər də az deyil. Münaqişələr və silah
istehsalının artması odlu silahla törədilən cinayətlərin çoxalması riskini
artırır. Buna görə də, birincisi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən
qənimət kimi götürülən silahların hamısının qeydiyyata alınmadığını daim
nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz
odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir”.

Source link