6450f95e-d5f2-4681-8cea-7763b8664f06..jpg

Bakıda dəhşətli cinayət: Kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib – CİNAYƏT İŞİ

Baxış sayı: 667 dəfə baxılıb.

Bakıda dəhşətli cinayət: Kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib –
CİNAYƏT İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Mahmud həyat yoldaşı Şəlaləni
(adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahmudun arvadı Şəlalə ilə 11
fevral 2023-cü ildə saat 7 radələrində mübahisəsi yaranıb. O, arvadından su
gətirməsini istədikdə belə cavab alıb: “Dur rədd ol, get suyu özün iç, mən sənə
su gətirə bilmərəm! Sən bu buyruqlarınla artıq məni bezdirmisən, ölmürsən ki,
canım səndən qurtarsın. Bir də mənə iş buyursan, səni bıçaqlayacağam!”

Bu sözlərdən qəzəblənən Mahmud arvadına kəsici-deşici alətlə 29 zərbə vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ittiham
üzrə özünü təqsirli bilib. O bildirib ki, ali təhsillidir, həm də II qrup
əlildir: “Əvvəllər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda texnik,
böyük texnik və mühəndis kimi fəaliyyət göstərmişəm. Daha sonra mətbuatda
jurnalist olaraq çalışmışam.

Son zamanlar səhhətimlə əlaqədar işləməmişəm. Hadisəyə qədər Xəzər rayonunda
arvadım Şəlalə və qızım Aydanla birlikdə yaşamışam. Şəlalə gözəllik salonunu
işlədib. Əvvəllər Şəlalə ilə münasibətlərimiz yaxşı olub. 30 ilə yaxındır
böyrək, ürək və digər xəstləliklərdən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ilin fevralında ürəyinə stent qoyulub
və bundan sonra səhhətindəki problemlər kəskinləşməyə başlayıb:

“Həmin ərəfədə arvadım Şəlalənin mənə diqqət və qayğısı azalmışdı. Dəfələrlə
psixi və nevroloji xəstəliyimlə bağlı müalicə almışam. Hadisədən bir qədər
əvvəl psixi və nevroloji xəstəliyimin təzahürləri yenidən baş qaldırdığından
Şəlalə ilə birlikdə psixiatr qəbulunda oldum. Həyat yoldaşım mənə əvvəllər çox
yaxşı qulluq etsə də, ürəyimə stent qoyulandan sonra münasibətlərimiz pisləşdi.
Şəlalədən təzyiqimi ölçməsini, dərman içmək üçün su gətirməsini xahiş edəndə
isə xahişlərimi yerinə yetirmirdi. Deyirdi ki, mən də yaşlı adamam, öz
işlərini, özün gör.

Son zamanlar Şəlalə məni “şərəfsiz”, “ləyaqətsiz” adlandıraraq təhqir etməyə
başlamışdı. Bütün bunlar səbrimi tükəndirsə də, Şəlaləni mülayim şəkildə
sakitləşdirməyə çalışırdım. Səhhətimin yaxşı olmadığı üçün özümə qulluq edə
bilmədiyimi, ondan kömək gözlədiyimi başa salmağa cəhd edirdim.

Lakin o, dinləmək istəmir, mənə qulluq etməkdən yorulduğunu bildirirdi. Mənə
qarşı təhqiramiz və ləyaqəti alçaldan ifadələr işlədir, mənimlə yad adam kimi
rəftar edirdi. Dəfələrlə xəstə olduğumu desəm də, sözlərimə məhəl qoymurdu.
Məni təhqir etməməsini, şəxsiyyətimi alçaltmamasını xahiş etsəm də, bəzən mənə
əl-qol atır, məni daha da qıcıqlandırırdı. Bəzən mübahisə zamanı polis
çağıracağını və məni dəlixanaya saldıracağını deyirdi.

Bununla belə, özümü təmkinli aparır və Şəlaləni sakitləşdirməyə çalışırdım.
Hətta qızlarım da bizim mübahisə etdiyimizi, küsülü olduğumuzu görürdülər.
Onlar bizə mehriban olmağı, münasibətlərimiz alınmırsa, boşanmağımızı məsləhət
görürdülər.

Mənim həyat yoldaşımdan boşanmaq niyyətim olmayıb. Şəlalə isə lazım olarsa,
məndən boşanacağını bildirirdi. Qohum-əqrəbanın yanında isə mənimlə fərqli
davranır, aramızda olan münasibəti hiss etdirməməyə çalışırdı. Ailə daxilində
ikilikdə qaldıqda mənə qarşı çox aqressiv davranırdı.

Şəlalənin qəribə davranışları məni çaşbaş salırdı. Əvvəllər onun təhqirlərinə
və pis rəftarına dözsəm də, son zamanlar səbrimin tükəndiyini hiss edir, nə
edəcəyimi bilmirdim”.

Təqsirləndirilən şəxs deyib ki, fevralın 11-də səhər saatlarında hamı
evdəymiş, qızı Aydan xalası qızı ilə Şahdağa tura getməyə hazırlaşırmış: “Saat
6 radələrində Aydan evdən getdi. Həmin vaxt mən və arvadım oyaq idik. Təxminən
2 saat sonra dərman içmək üçün Şəlalədən su gətirməsini xahiş etdim. Dedi ki,
get cəhənnəm ol, özün özünə su gətir, məni narahat etmə, səni bıçaqlayaram.

Şəlalənin elə deməsi mənə çox ağır təsir etdi. Özümü heç vaxt o vəziyyətə
salmamışam. Bu sözlərdən əsəbi halda durdum və mətbəxə keçərək su içdim. Sonra
Şəlalənin az əvvəl mənə dediyi sözlər yadıma düşdü. Özümü ələ almağa çalışsam
da, Şəlalənin işlətdiyi təhqiramiz ifadələr mənə rahatlıq vermədi”.

Mahmud qeyd edib ki, bu vaxt mətbəxdəki dəmir çapacaq gözünə sataşıb:
“Çapacağı götürüb otağa qayıtdım. Şəlalə qulağında qulaqcıq, mobil telefona
baxaraq yatağında uzanmışdı. Onu görəndə daha da qəzəbləndim və nə etdiyimi bir
anda dərk etmədim.

Şəlaləyə yaxınlaşaraq heç nə demədən əlimdəki çapacaqla onun boyun nahiyəsinə
güclü zərbə endirdim. Zərbədən baş boyundan kəsildi və güclü qan axmağa
başladı. Qəzəb və hiddət içərisində nə etdiyimi bilmədən Şəlaləyə
qeyri-ixtiyari çapacaqla zərbələ endirməkdə davam etdim.

Şəlalənin bədəninin hansı nahiyyələrinə zərbələr endirdiyimi və zərbələrin
sayını xatırlamıram. Bir qədər sonra qəzəbim soyumağa başladı. Sanki yuxudan
oyandım. Bədənim gərginlikdən azad olunmuş kimi boşaldı, çökmüş vəziyyətdə
aşağı oturdum. Çapacaq əlimdən aşağıya doğru sallanan vəziyyətdəydi. Şəlalə tam
hərəkətsiz halda yerdə uzanıqlı qalmışdı, boynundan, qollarından qan axırdı.
Səsi və nəfəsi olmadığını gördüm, artıq öldüyünü yəqin etdim.

Daha sonra gedərək əl-üzümü yudüm. Qardaşıma, qızıma və daha sonra Daxili
İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim.
Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Mahmud 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link