Bakıda dəhşətli qətlin təfərrüatı: Azyaşlını öldürüb quyuya atdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2022-ci ilin yanvar ayında baş vermiş cinayət faktının təfərrüatı məlum olub.
Söhbət azyaşlı Məryəmin ölümündən gedir.
Belə ki, həmin il fevralın 1-də Baş Prokurorluq Qala qəsəbəsinin “Xaşaxuna”
bağlar massivində su quyusundan 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin
meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb.
Hadisə yerinə cəlb olunmuş FHN-nin xüsusi riskli əməliyyat qrupu təxminən 10
metr dərinlikdə olan su quyusundan azyaşlının meyitini tapıb.
Məlum olub ki, 2022-ci il yanvarın 23-də azyaşlının atası Taleh Allahyarov
polisə müraciət edərək bildirib ki, yanvarın 1-də qızı Məryəm Hüseynlini bir
müddət baxmaları üçün qonşuluqda yaşayan Mehman Mansurova verib.
Bir müddət sonra övladı ilə maraqlanmaq üçün tanışının evinə getdikdə, orada
heç kimin olmadığını görüb. Yanvarın 31-də əməliyyat-axtarış tədbirləri
nəticəsində Mehman Mansurov Yasamal rayonu ərazisində saxlanılıb.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla
müəyyən edilib ki, yanvarın 23-ü gecə saat 01:00 radələrində Mehman Mansurov
qonşusu Taleh Allahyarovun qızı Məryəm Hüseynlinin köməksiz vəziyyətindən
istifadə edərək onu döyüb. Saçından tutaraq başını döşəməyə vurub. Nəticədə
aldığı ağır dərəcəli bədən xəsarətlərindən azyaşlı ölüb.
Cinayət məsuliyyətindən yayınmaqdan ötrü onun tələbi ilə qeyri-rəsmi yaşadığı
Xəyalə Ağamalıyevanın övladları Allahverdi və Vüsal Cəfərovlar sellofana və
parçaya bükülmüş meyiti qonşuluqda yerləşən su quyusuna atıblar. İş üzrə
dindirilmiş Mehman Mansurov bildirib ki, qonşusu Taleh Allahyarov hər dəfə
işləməyə gedəndə övladını gətirib onlara qoyurmuş və işdən qayıtdıqdan sonra
isə götürürmüş.
Axırıncı dəfə uşağı yanvarın 1-də gətirib. Məryəm ayın 22-nə kimi onlarda
qalıb. Arabir tənbeh metodu kimi uşağı döyüb. Yanvarın 23-nə keçən gecə o,
Məryəmin halının qəflətən pisləşdiyini, daha sonra nəbzinin vurmadığını,
nəfəsinin gəlmədiyini görüb. Narkotik vasitənin təsiri altında olduğundan və
məsuliyyətdən yayınmaq məqsədilə Təcili Tibbi Yardıma və polisə məlumat
verməyib.
Azyaşlı Məryəmin anası Günel Hüseynli ifadəsində göstərib ki, 2017-ci ildə
sosial şəbəkə vasitəsilə Taleh Allahyarovla tanış olub. Bir ildən sonra Məryəm
adlı qızları dünyaya gəlib. İlk vaxtlarda münasibətləri normal olsa da,
sonradan aralarında ailə-məişət zəminində mübahisələr yaranıb. Buna səbəb isə
Talehin heç yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olub.
2019-cu ilin may ayında artıq yoldaşının hərəkətlərinə dözə bilməyib və
övladını Talehin himayəsində qoyaraq çıxıb gedib.
Qeyd edək ki, Mehman Mansurovun azyaşlı Məryəmi döyməsini onunla qeyri-rəsmi
münasibətdə yaşayan Xəyalə Ağamalıyeva da öz ifadəsində təsdiqləyib və bildirib
ki, Mehman narkotik vasitə təsiri altında olduğu müddətdə onu və övladlarını da
döyüb. Mehmanın bir neçə dəfə Məryəmi döyməsinin şahidi olub.
Xəyalə Ağamalıyeva qeyd edib ki, Məryəmi Mehman döyərək öldürüb. Heç bir səbəb
olmadan uşağa işgəncələr verib. Bir neçə dəfə qızın saçından yapışaraq onun
başını döşəməyə çırpıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman
Mansurov 11 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, qeyri-rəsmi münasibətdə yaşadığı Günel Hüseynlini geri qayıtmağa
məcbur etmək üçün uşağına yetirdiyi xəsarətlərə görə Taleh Allahyarov da
məsuliyyətə cəlb olunub və Xəzər rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı Baku TV-nin süjetində: