9c0f4356-deaf-4703-a246-9fd8253ee3ba..jpg

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı – VİDEO

Baxış sayı: 493 dəfə baxılıb.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun
üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat
yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni
törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb.

11 ildən sonra, 2022-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə
barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış
əməliyyat tədbirləri nəticəsində onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində
adam öldürməsi üzə çıxıb.

İstintaqla müəyyən edilib ki, Əhəd Salahov Bakı İslam Universitetində şəriət
fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr
ayında görüşüb və onun tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib.
Buna razılıq verən Əhəd Salahova Firudin Məmmədov İlkin Qurbanovun fotoşəklini
və mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi adamın yaşadığı
küçəni göstərib.

Bundan sonra Əhəd Salahov “20 yanvar” stansiyasının yaxınlığından bıçaq alıb.
Plana əsasən, bıçağı gödəkçəsinin cibinə qoyub, evdən çıxıb və dostu Anar
Mansurovla görüşərək ondan sadə modelli mobil telefonunu alıb.

Oktyabrın 31-i saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında evinə
gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış
binası ilə üzbəüz qaranlıq ara yolda ona arxadan hücum edib, İlkin Qurbanovun
kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə
yetirib. Evə çatandan sonra Firudin Məmmədovla telefonla danışaraq ona
üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” deyib. Hadisədən bir müddət
sonra Əhəd Salahov Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyünü deyib.
Dörd gün sonra, yəni noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Xocalı
prospektində maşında intihar edib. Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə
özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin
Məmmədov qətlə yetirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə
ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il
müddətinə azadlıqdan məhrum olunub.


Source link