Bakıda dilənçi dilənçinin evinə basqın etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəfər Cəfərovun
(ad-soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub. Məhkəmənin hökmü ilə C.Cəfərov səkkiz il müddətinə azadlıqdan
məhrum edilib.
İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 01:30-da Nəsimi
rayonunun “Kubinka” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Yevlax sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərov zərərçəkmiş Samirə
Həsənlinin (ad-soyad şərti) kirayədə yaşadığı evinin qarşısına gələrək hamam
otağının nəfəsliyindən içəri daxil olub. Sonra o, uzanmış qadına hücum edib,
onun əynindəki köynəyinin iç cibindən 150 manat nağd pulu və 10 manat dəyərində
bank kartını quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Hadisədən sonra Cəfər Cəfərov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin
quldurluq maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə Cəfər Cəfərov özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli
bilərək göstərib ki, Bakı şəhərində müxtəlif ünvanlarda gecələyib, dilənərək
gündəlik pul qazanıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxsi bir müddətdir ki,
tanıyıb, həmin qadının pulu olduğunu bilib. Çünki Samirə də müxtəlif ünvanlarda
dilənir. O, zərərçəkmiş şəxsin əlil arabasında olan uşağına dəfələrlə şəhər
ərazisində kömək etdiyini söyləyib.
Samirə Həsənli ifadəsində həmin pulla şikəst uşağını həkimə aparmağı
planlaşdırdığını qeyd edib.