Bakıda dönərdən zəhərlənən məktəblilərin sayı 20-yə çatdı – RƏSMİ AÇIQLAMA +
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi
səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən,
eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
TƏBİB-dən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb
Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında
ümumilikdə 20 şagird hospitalizasiya olunur.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir.
Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
00:10
Daxili İşlər Nazirliyi (DİN) Bakıda məktəblilərin qidadan zəhərlənməsi ilə
bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki,
oktyabrın 24-də paytaxtın Xəzər rayonu Binə qəsəbəsində şagirdlər arasında qida
zəhərlənməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırma aparılır:
“Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri
davam etdirilir”.
24.10.2023, 22:58
Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta
məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq
və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Bu barədən Cixisyolu.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan
şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə
müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin
əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub:
“İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə
müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna
cəlb olunublar.
Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə
halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.
Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində
fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini
bildiriblər.
Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb”.
Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə
cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.
İlhamə Əbülfət