Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub” – MÜSAHİBƏ

Baxış sayı: 578 dəfə baxılıb.

Bakıda dünya çempionu olan atıcı: “Yarışla bağlı hər şey yüksək səviyyədə
təşkil olunub” – MÜSAHİBƏ

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün
kişilər arasında 50 metr məsafəyə üç mövqedən atəş açma yarışı keçirilib.
Sözügedən kateqoriyada Avstriya təmsilçisi Aleksandr Şmirl qalib olub.

O, mükafatlandırma mərasimindən sonra müsahibə verib. 33 yaşlı atlet əvvəlcə
təəssüratlarını bölüşüb:

“Bu gün mənim üçün çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub,
finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan səkkiz idmançının hər
biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə
bildim. Nəticədə istəyimə nail olaraq qızıl medal qazandım.

– Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?

– Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il bundan əvvəl olmuşam. Hər
gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da
gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq
Mərkəzi çox mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.

– Qızıl medalı kimə həsr edirsiniz?

– Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə təhrik
edən hər kəsə həsr edirəm.

– Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni
formada çıxış etdiniz. Bu, çox nadir hallarda olur. Adətən fərqli nəticələr
qeydə alınır. Buna necə nail oldunuz?

– Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün
diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki
startdan yaxşı xal topladım və sona qədər bu cür davam etdim.

– “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə
düşünürsünüz?

– Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna
görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə
biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.

Source link