Bakıda dünyaşöhrətli bəstəkarın yubileyinə həsr olunmuş silsilə konsertlər
keçiriləcək – FOTO
Oktyabrın 10-u, 12-si və 14-də Bakıda dünyaşöhrətli bəstəkar Sergey
Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika
Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida
Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə tanınmış amerikalı
musiqiçi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi”
beynəlxalq layihəsi çərçivəsində ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında təqdim ediləcək.
Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş
üzrə Dövlət Komitəsidir.
Konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə
(Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya
Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya
(Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış
edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik
Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru,
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa
Mehmandarov idarə edəcək.
Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys”
musiqi müsabiqəsinin qalibi olub.