Bakıda elçiliyə gələn oğlan qızı və anasını güllələyib - YENİLƏNİB

Bakıda elçiliyə gələn oğlan qızı və anasını güllələyib – YENİLƏNİB

Baxış sayı: 2. 116 dəfə baxılıb.

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı müəyyən ekspertizalar təyin edilib və cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayonunun Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimov tutulub.

Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edək ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A. Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü Esmira Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir.

09:23

Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, ötən gecə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib.

Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

A. Cəfərovanın atası Mehman Cəfərov bildirib ki, hadisə o evdə olmadığı vaxt baş verib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb. 

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın növbətçi həkimi İlham Qəmbərov bildirib ki, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. 

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsində cinayət işi başlanılıb. Hazırda polis əməkdaşları S.Qədimovu axtarır.

00:30

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki,  insident zamanı ana ilə qızı güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatını Sabunçu polisi araşdırır. 

www.ÇıxışYolu.Com