Bakıda fəaliyyət göstərən su emalı və qablaşdırılması müəssisəsində yoxlama
keçirilib – FOTO
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında
fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və
qablaşdırılması müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları
tərəfindən plandankənar yoxlama keçirilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi
aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən
edilib. Belə ki, hazır məhsulların saxlanması üçün anbarın və təmizlik
vasitələri üçün ayrıca sahənin təşkil edilmədiyi, sanitar vəziyyətin qənaətbəxş
olmadığı, müəssisədə emal olunan “İlk Su”, “Birinci Su”, “Gündəlik Su”, “Pak
Su” əmtəə nişanlı 19 litrlik qablaşdırılmış su məhsullarının etiket
məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar
aşkarlanıb.
Laborator müayinələrin aparılması məqsədilə qablaşdırılmış su məhsullarından
nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına
təqdim edilib. Sınaq protokoluna əsasən, nümunələrin normativ hüquqi aktların
tələblərinə uyğun olmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə
qərar qəbul olunaraq müəssisədə su məhsullarının istehsalı dayandırılıb və
müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə
təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı
hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.