af2082da-0139-4375-aa09-d1b6ece2ee9e.jpg

Bakıda fəhlənin ölümünə görə vəzifəli şəxsə cəza verildi

Baxış sayı: 282 dəfə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində tikinti işlərinin aparılmasının təhlükəsizlik
qaydalarını pozmada təqsirləndirilən Caniyar Abdalovun barəsindəki hökmdən
dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti
və ona əlavə təmin edilməyib. Dövlət ittihamçısının apellyasiya protesti və
zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin apellyasiya şikayəti
qismən təmin olunub, Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunub. Onun çalışdığı MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin
ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilib. Belə ki, MMC-dən
5000 manat mənəvi zərər, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatanadək
saxlanılması üçün hər ay 350 manat zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni
nümayəndəsinin xeyrinə tutulub.

İttihama görə, Caniyar Abdalov Bakıda fəaliyyət göstərən MMC-lərin birində
çoxmənzilli yaşayış binasında iş icraçısı vəzifəsini yerinə yetirib. O,
fəaliyyət göstərdiyi müddətdə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,
Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış
binası inşa olunub. Həmin vaxt – 14 oktyabr 2023-cü il tarixdə zərərçəkmiş
F.Ağayev sözügedən yaşayış binasının 7-ci mərtəbəsindən digər binaya keçid
etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluğa 29.1 metr
hündürlükdən yıxılaraq ölüb.

Hadisədən sonra Caniyar Abdalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə
müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Source link