Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Bəşirov doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük maşını ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – A.Qasımov “Sumqayıt”ın U-15 komandasında çıxış edirdi.