76e1b968-a0b3-4054-9fe6-2d53fad62248..jpg

Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, evinə basqın etdi

Baxış sayı: 852 dəfə baxılıb.

Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, evinə basqın etdi

Bakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasibətində
olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 8-də, gecə
saat 01:00-da Nərimanov rayonunda baş verib.

İsmayıl yaxın münasibətdə olduğu Aydanla söhbət edərkən onların arasında
mübahisə yaranıb. Mobil telefonun zənglərinə Aydanın cavab verməməsini əsas
gətirərək ona xəsarətlər yetirib.

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ittiham
üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydanı 2021-ci ildən tanıyır və
məqsədi onunla ailə qurmaq olub:

“Lakin 2022-ci ilin dekabrından münasibətlərimiz yaxşı deyil. Aramızda
mübahisələr olub və polisə şikayətlər etmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən bir
radələrində Aydan ona cavab vermədiyindən və mobil nömrəsini qara siyahıya
saldığından əlaqə saxlaya bilməyib:

“Ona görə də Aydanın qonşuluğunda yaşayan Elmar adlı şəxsin yanına gələrək
ondan xahiş etdim ki, Aydanla əlaqə saxlasın. Elmar məndən niyə özümün
yığmadığımı soruşdu. Bildirdim ki, nömrəmi qara siyahıya atıb, ona görə də
əlaqə saxlaya bilmirəm.

Elmar özünə məxsus telefonla Aydana zəng vurdu. Bu zaman eşitdim ki, Aydan
gəlir, yaxınlıqdakı mağazasının qarşısında olacaq. Sonra Elmarın idarə etdiyi
avtomobillə Koroğlu Rəhimov küçəsində yerləşən mağazanın qarşısına gəldik.
Orada bir neçə dəqiqə gözlədikdən sonra Aydan oraya gəldi və mağazaya daxil
oldu. Aydanın ardınca mağazaya getsəm də, mənə irad bildirdi ki, “niyə
gəlmisən, buradan get”. Bu səbəbdən ani mübahisəmiz olsa da, daha sonra
mağazadan çıxdıq”.

Təqsirləndirilən şəxs bildirib ki, Aydan yaşadığı ünvana tərəf ara küçə ilə
getməyə başladıqda Elmar avtomobili ilə oradan gedib:

“Mən isə Aydanın ardınca getdim. Ona irad bildirdim ki, niyə mənə cavab
vermir, mobil nömrəmi qara siyahıya salıb. Aydan evə getdi. Aydanın ardınca
yaşadığı ünvana yollandım. Qapını döydükdə eşiyə çıxdı və təhqir edərək mənə
stəkan tulladı. Stəkan mənə dəymədi. Oranı tərk elədim. Daha sonra məlum oldu
ki, barəmdə polisə şikayət edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Aydanı vurmayıb, ola bilər ki,
qolundan sıxarkən xəsarət alıb.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən İsmayılı təxminən
2 ildir tanıyır:

“İlk əvvəldən gördüm ki, İsmayılla münasibətlərim uyğun gəlmir. Onunla əlaqə
saxlamamağı qərarlaşdırdım və ona kənar durmasını bildirdim. Buna baxmayaraq
İsmayıl məni bu illər ərzində narahat etdi, barəmdə sosial şəbəkədə nalayiq
sözlər yazdı, tanışlarıma zəng vuraraq barəmdə nalayiq sözlər dedi. Ona görə də
İsmayıl barədə 2022-ci və 2023-cü illərdə dəfələrlə Nərimanov Rayon Polis
İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim.

Polis ona xəbərdarlıq etsə də, mənə hədə-qorxu gəlir, tanıdığım şəxslərin
qarşısında məni təhqir edirdi”.

Zərərçəkmiş deyib ki, onun bacısı Vüsalə azyaşlı uşaqları ilə yaşayır:

“İsmayıl bacımın yaşadığı ünvana gedərək mənzilini tanımasa da, qonşuların
qapısını döyərək narahatlıq yaradıb, azyaşlı qızının istifadəsində olan mobil
nömrəyə “WhatsApp” vasitəsilə yazaraq barəsində təhqiredici sözlər deyib. Bacım
bu barədə Xətai Rayon Polis İdarəsinə müraciət edib”.

Aydan qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən 01 radələrində yaşadığı
evə gedərkən 24 saat fəaliyyət göstərən mağazada alış-veriş etmək qərarına
gəlib və İsmayılın orada olduğunu görüb:

“Mağazaya gəlməmişdən az əvvəl qonşuluqda yaşayan Elmar adlı şəxs mənə zəng
vurdu, harada olduğumu soruşdu. Mən Elmara evə gedəcəyimi bildirdim.

Daha sonra yolu əks istiqamətə keçdim, İsmayıl arxadan qaçaraq gəldi, mənə
yaxınlaşdı. Sağ qolumdan tutaraq dartışdırmağa və əli ilə vurmağa başladı.
Yaşadığım evə getsəm də, İsmayıl ardımca gəldi, qapını döydü. Anam həmin vaxt
işdə idi. Qapının döyülməsinə bacım yuxudan oyandı. Gördüm ki, qonşular
içərisində narahatlıq olacaq, ona görə qapını açdım və İsmayıldan getməsini
xahiş etdim. Bu zaman İsmayıl məni hədələdi”.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

İsmayıl 900 manat cərimə cəzasına məhkum edilib.

Source link