“Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat
hadisəsinin baş verməsinə səbəb olub”.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi
yolda baş verib:
“Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis
əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün
işlər görülüb.
Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv
hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov
prospektlərində də baş verib.
Sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü
maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət
etməsi qadağandır”.