Xəbər verdiyimiz kimi, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Eyni zamanda, güclü şimal-qərb küləyi proqnozlaşdırılır.
Bu gün İnternetin Azərbaycan seqmentində küləklə bağlı xəbərdarlığı əks etdirən səs yazıları yayılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, səs yazılarında bildirilir ki, martın 30-da ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək.
Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir:
“Uşaqların məktəbə getməsini tövsiyə etmirəm. Maşınları ağacların altında, binalara yaxın yerlərdə saxlamayın”, – deyə səs yazısında qeyd edilir.
İkinci səs yazısı isə dənizdə çalışanlara ünvanlanıb. Təhlükəli hidrometeoroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək. Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr/saniyə olacaq.
Dalğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qədər yüksələcək.