Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatının bağlanış mərasimi
keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə
Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının
bağlanış mərasimi keçirilib.
“Report” xəbər verir ki, ilk olaraq hərbi orkestrin müşayiəti ilə yarışda
iştirak etmiş ölkələrin bayraqları təqdim olunub.
Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk
Şvede, Dövlət Sərhəd Xidmətinin rəis müavini Abbas Xəlilov iştirak ediblər.
Dirk Şvede turnirin təşkilatçılığını yüksək qiymətləndirib. O qeyd edib ki,
Azərbaycanda hər sahədə olduğu kimi idmanda da inkişaf yüksək səviyyədədir:
“Dünya çempionatında güləşçilərin mübarizə aparması üçün hər bir şərait var.
Yarış boyu həm dostluq, həm də rəqabətin şahidi olduq”.
Təşkilat komitəsinin nümayəndələri Elnur Həbibov və Elşən Mirzəyev, Dövlət
Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, Beynəlxalq Hərbi İdman Şurasının
medalları ilə təltif olunub.
Abbas Xəlilov isə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif edilib.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəis müavini Abbas Xəlilov çıxış edib.
Tədbir iştirakçılarını salamlayan qurum rəsmisi Bakıda dünya çempionatını qəbul
etməkdən məmnun olduğunu ifadə edib.
O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə
bir çox beynəlxalq yarışlar təşkil olunur:
“Dünya çempionatının ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf
etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini
əks etdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən
bu çempionat yüksək səviyyədə təşkil olunub”.
A.Xəlilov təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş
Federasiyasına minnətdarlığını bildirib.
Sonda isə çempionatla əlaqədar videoçarx nümayiş etdirilib.