7ec6e464-67ab-4a27-ab00-8915b74281d9..jpg

Bakıda hipermarketdəki silahlı insidenti törədənlər hakim qarşısına çıxarılır

Baxış sayı: 538 dəfə baxılıb.

Bakıda hipermarketdəki silahlı insidenti törədənlər hakim qarşısına çıxarılır

Bakıda hipermarketdəki silahlı insidentlə bağlı təqsirləndirilənlərin cinayət
işi üzrə ibtidai istintaq başa çatıb. Baş Prokurorluğun Mətbuat xidmətindən
verilən məlumata görə, istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət
Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və
Rövşən İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun sədrliyi ilə
araşdırılacaq. Qeyd edək ki, martın 4-də saat 12 radələrində paytaxtın Xətai
rayonu ərazisində yerləşən hipermarketdə baş vermiş silahlı insident zamanı
Rüfət Sahib oğlu Həşimovun qəsdən öldürülməsi və Samir Ruslan oğlu Şaydayevin
sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş
məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və
DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir
olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir
qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam
öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə
cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat
tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin
olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər
maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət
Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və
digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı
əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində
yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan
İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün
zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat
qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835
manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, bir
ədəd “Makarov” və bir ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları,
əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovun
üzərindən isə bir ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Source link