Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə,
dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində
yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü
Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü
Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə
istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə
gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və
meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə
başlayıblar və vəziyyətləri ağırlaşıb.
Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.
TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50-də
Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub,
çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi
Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında
xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Hazırda
araşdırmalar davam etdirilir.
15:01
Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən
birində 2 nəfərin – 1998-ci il təvəllüdlü Kənan Mustafayev və 1993-cü il
təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin – 1991-ci il təvəllüdlü Nicat
Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə
xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda
araşdırma aparılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin
ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar
təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.
14:26
Bakıda, məşhur hotellərin birində zəhərlənən iki nəfərin – Xəzər Cabbarlı və
Nicat Cabbarlının son durumu açıqlanıb.
Cixisyolu.com-a Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxs
Toksikologiya şöbəsinə qəbul edilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi
tibbi müdaxilələr davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:58
Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli
hadisə baş verib.
Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1
saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin
vəziyyətinin ağır olduğu bildirilir.
Almaz Qasımova