71d96bdb-d19a-4942-9a11-061f0d4c23e1..jpg

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

Baxış sayı: 977 dəfə baxılıb.

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq
TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub.

Festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik
yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150
və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk
dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin
keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq
TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil
ediləcəyinə inamını ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açıb. Qeyd
edib ki, bu festival altı fərqli türk dövlətini və onların sənətçilərini bir
araya gətirib.

“Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq və
incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və
gələcək nəsillərə ötürür”, – deyə Baş katib vurğulayıb.

Qeyd edilib ki, festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv
ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan
Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan
Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına
Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edirlər.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin
dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Sonra İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış
“Qarabağnamə” tamaşası təqdim olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ
xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə
əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq
Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə
Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar
Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman
İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti
Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova,
işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqi
əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk
dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci
il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının
səhnəsində tamaşanı maraqla izləyib.

Source link