Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumata görə, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar.
Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas edib.
Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıb.
Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub.
Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova saxlanılıb. Lakin istintaqın gedişatında o, iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyiblər.
Şəhriyar Əlizadə barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsinə tövsif olunub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Şəhriyar Əlizasə ittiham aktını almadığını bildirəndə, məhkəmə onu ittiham aktı ilə təmin edib.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin olunub.